53 Yaşlı qadın kor oldu - 20 ildir bundan istifadə edirmiş... - FOTO
ABŞ-da yaşayan 53 yaşlı üzgüçülük müəllimi Maureen Cronin adlı qadın linzalarla etdiyi bir səhv nəticəsində gözünə yerləşən parazit səbəbilə görmə qabiliyyətini itirib. Bu faciəvi hadisə səbəbindən o, həm də peşəsindən imtina etmək məcburiyyətində qalıb.
meqale.com xarici mediaya istinadla xəbər verir ki, hadisə 2024-cü ilin iyun ayında Cronin bir qrup uşağa üzgüçülük dərsləri verərkən baş verib. Linzaları taxılı vəziyyətdə suya girən müəllim dərs zamanı sağ gözündə dözülməz bir ağrı hiss edib.
İlk olaraq, gözünə qum qaçdığını düşünən Cronin həkimə müraciət edib. Ona korneada yırtıq olduğu diaqnozu qoyularaq sadə göz damcısı verilib. Lakin vəziyyəti pisləşməyə davam edib və bir neçə səhv diaqnozdan sonra, nəhayət ona akantamoeba keratiti (AK) diaqnozu qoyulub. Bu nadir xəstəlik göldə, hovuzda və torpaqda yaşayan təkhüceyrəli parazit səbəbindən yaranır.
Diaqnozdan sonra Stony Brook Universiteti Xəstəxanasında 48 günlük müalicə alan Cronin sentyabr ayında kornea nəqli olunub. Lakin bədəni nəqli qəbul etməyib və görmə qabiliyyəti itirilib. Hal-hazırda ikinci bir kornea nəqli gözləyir.
Başına gələnləri bölüşən Cronin "Artıq yeni insanlarla tanış olmaq istəmirəm, çünki gözümə baxanda nə düşündüklərini bilmirəm. Hətta duşa belə eynəklə girirəm" deyə bildirib.
Cronin "20 ildir linza taxıram və heç kim mənə hovuzda linza istifadə etməməli olduğumu demədi," sözləri ilə digər istifadəçiləri diqqətli olmağa çağırıb. Mütəxəssislər kontakt linzalarla üzərkən, duş qəbul edərkən və ya isti vanna alarkən diqqətli olmağı tövsiyə edir, çünki bu parazitlər gözə ciddi zərər verə bilər.