BBC Trampdan üzr istədi
BBC ABŞ Prezidenti Donald Trampın 6 yanvar 2021-ci il çıxışının "Panorama" proqramında yanlış montaj edildiyini etiraf edərək üzr istəyib.
meqale.com xəbər verir ki, sözügedən montaj Trampın nitqinin müxtəlif hissələrini ardıcıllıqdan çıxararaq birləşdirib və bunun nəticəsində onun "zorakılığa çağırış etdiyi" kimi yanlış təəssürat yaranıb.
Korporasiya bildirib ki, həmin buraxılış yenidən efirə verilməyəcək.
Bununla yanaşı, BBC Trampın tələb etdiyi 1 milyard dollarlıq kompensasiyanı ödəməkdən imtina edib və iddianı "hüquqi əsasdan məhrum" adlandırıb. BBC-nin açıqlamasına görə, proqram ABŞ-də yayımlanmayıb, montaj qəsdən edilməyib və Trampa real zərər vurmayıb.
Qalmaqal nəticəsində BBC-nin baş direktoru Tim Deivi və xəbər departamentinin rəhbəri Debora Törnes istefa veriblər.
Donald Tramp isə BBC-ni "sistemli şəkildə təhrif və nüfuzdan salma cəhdi"ndə ittiham edir. Korporasiya mövzu ilə bağlı əlavə araşdırmanın davam etdiyini bildirib.