Əkrəm İmamoğlu 4 ilədək həbs edilir? - İstintaq tamamlandı
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu barəsində aparılan istintaq tamamlanıb.
meqale.com türk mediasına istinadla xəbər verir ki, İmamoğlu "Məhkəmə məmuruna, ekspertə və ya şahidə təsir etməyə cəhd" maddəsi ilə ittiham olunur. Hazırlanan ittihamnamədə onun 2 ildən 4 ilə qədər həbs cəzasına məhkum edilməsi və siyasi fəaliyyətinin qadağan olunması tələb edilib.
İstanbul Baş Prokurorluğu İmamoğlunun təşkil etdiyi mətbuat konfransında ekspertləri qərəzli hesabat hazırlamaqda günahlandırdığı və istintaq prosesinə təsir göstərməyə çalışdığı iddialarını irəli sürüb. Prokurorluq onun açıq şəkildə məhkəmə qərarlarına təsir etmək məqsədi güddüyünü bildirir.
Eyni istintaq çərçivəsində Halk TV-nin bir neçə əməkdaşı da ittiham olunub. Jurnalistlər Barış Pehlivan və Kürşad Oğuz üçün 6 ildən 14 ilə qədər, Halk TV-nin həbsdə olan baş redaktoru Suat Toktaş, Seda Selek və Serhan Əskər üçün isə 9 ilə qədər həbs cəzası tələb edilib.
Prosesin qiymətləndirilmə mərhələsində olduğu və yaxın günlərdə dinləmə tarixinin təyin ediləcəyi bildirilib.