Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəydi - YENİLƏNİB - FOTOlar
14:44
Noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.
meqale.com AZƏRTAC-a istinadla xəbər verir ki, raketlərdən biri səfirliyin ərazisinə düşüb və orada böyük bir yarıq əmələ gəlib.
Səfirliyin binası da daxil olmaqla divarlarına ciddi zərər dəyib. Divarın bir hissəsi uçub, həmçinin səfirliyin pəncərələri sınıb, diplomatlara məxsus avtomobillərə ziyan dəyib.
Hadisə yerinə Ukraynanın müvafiq qurumları da gələrək, dəyən ziyanı araşdırırlar.
Qeyd edilib ki, bu, artıq birinci hal deyil. Paytaxt Kiyevə hava hücumları nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binası bir neçə dəfə ziyan görüb. Lakin bu dəfəki zərər miqyasına görə, daha böyük və ciddi olub.
Səfirliyin şəxsi heyəti arasında yaralanan yoxdur.
Kiyev Şəhər Hərbi Administrasiyasının açıqlamasına görə, paytaxt Kiyevə edilən ballistik və dron hücumu nəticəsində azı 4 mülki şəxs ölüb, 30-a yaxın insan isə xəsarət alıb. Xəsarət alanlar arasında uşaq da var.
Hava hücumu nəticəsində 20-yə yaxın ballistik və qanadlı raketdən istifadə edilib, həmçinin 400-dən artıq zərbə dronu atılıb.
11:41
Rusiya ordusu noyabrın 14-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı zərbələr endirib.
meqale.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "telegram" hesabında məlumat yayıb.
Onun sözlərinə görə, rusiyalı hərbçilərin Kiyevə atdığı "İskəndər" raketinin qəlpələri Azərbaycan səfirliyinin binasına düşüb.
Qeyd edək ki, hücum zamanı 430-dan çox dron və 18 raket, o cümlədən ballistik "İskander" və "Tsirkon" raketlərindən istifadə olunub. Kiyevdə onlarla çoxmərtəbəli binada dağıntılar qeydə alınıb. Hücumlar nəticəsində 4 nəfər həlak olub.