Mərhum müğənninin vəsiyyəti açıqlandı - FOTO
ABŞ-da ürək tutmasından sonra yaranan ağırlaşmalar səbəbindən vəfat edən Türk klassik musiqisinin sənətkarı Muazzez Abacının cənazəsi sabah İstanbula gətiriləcək. Atatürk Mədəniyyət Mərkəzində (AKM) keçiriləcək vida mərasimindən sonra sənətçi atasının yanında dəfn ediləcək.
meqale.com xəbər verir ki, Abacının vəsiyyəti onun şəxsi həyatındakı ən böyük izlərdən birini üzə çıxarıb. Sənətçi, 1,5 yaşında itirdiyi və "Sarı Bomba" ləqəbi ilə tanınan məşhur boksçu atası Oktay Bəyin yanında dəfn olunmaq istədiyini vəsiyyət edib. Atasının sevgisinə doya bilmədiyini tez-tez dilə gətirən Abacı bu arzusunun həyata keçirilməsini xüsusi olaraq tapşırıb.
Məşhur sənətçinin mirası ilə bağlı detal açıqlanmasa da, vəsiyyətin ailə daxilində diqqətlə yerinə yetiriləcəyi bildirilib. Abacının illərdir topladığı sənət irsinin və əmlakının kimə qalacağı ilə bağlı rəsmi məlumatın yaxın günlərdə paylaşılacağı gözlənilir.
Xatırladaq ki, 78 yaşlı Muazzez Abacı 5 noyabrda qızını ziyarət etmək üçün ABŞ-a gedərkən infarkt keçirmişdi. Həkimlər ona stent qoysa da, böyrəklərində yaranan ciddi ağırlaşmalar səbəbindən reanimasiyaya köçürülmüş və bütün müdaxilələrə baxmayaraq həyatını itirmişdi.