300 bal toplayan ŞAGİRD - Nə telefonu var, nə də sosial şəbəkələrə girir - FOTO
"Sosial şəbəkələrdən istifadə etmirəm, boş vaxtlarımda mental sağlamlığımı güclü saxlamağa çalışıram"
meqale.com xəbər verir ki, bu sözləri azedu.az-a müsahibəsində 300 bal toplayan Bakı şəhəri, 204 saylı orta məktəbin şagirdi Qoşqarov Müzəffər Qədir oğlu deyib.
700 bala namizəd olan Müzəffərlə müsahibəni təqdim edirik.
- Maksimum bal toplayacağını əvvəldən təxmin edirdin?
- Əlbəttə, gözləyirdim, çünki mənə görə hər əziyyətin sonu uğurla nəticələnir.
- Etalon cavabları yoxladıqdan sonra təxminən neçə bal toplayacağını düşünürdün? - Cavabları yoxladıqdan sonra özümdən 290-dan çox bal gözləyirdim.
- Təhsil alacağın ixtisası və universiteti seçmisən? - Hədəfim Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi fakültəsinə qəbul olmaqdır. Bunun üçün əlimdən gələni edirəm.
- Gələcək üçün qarşıya qoyduğun əsas hədəflər nələrdir? - Ali təhsilimi müvəffəqiyyətlə başa vurub, xarici ölkədə magistratura təhsili almaq istəyirəm. Təhsilli gənc kimi vətənim, xalqım, millətim üçün töhfələr vermək fikrindəyəm.
- Bildiyim qədərilə şəxsi telefonunun yoxdur. Bunun səbəbi nədir? - Bəli, şəxsi telefonum yoxdur. Çünki şəxsi buna ehtiyac duymurdum. Sosial şəbəkələrdən isə istifadə etmirəm. Boş vaxtlarımda mental sağlamlığımı güclü saxlamağa çalışıram.
- Biz, ancaq sənin uğurunu, qalibiyyətini görürük, amma maksimum bal toplamağın arxasında görünməyən çətinliklər də gizlənir. Sənə görə, yüksək nəticə əldə etməyin təməlində nə dayanır? - Mənim uğurumun sirri davamlı əzmlə çalışmaq, iradəli olmaq, özümə və Allaha inanmaqdır.
- Yəqin ki, bu uğur IX sinif buraxılış imtahanında da özünü göstərib. 2 il əvvəl neçə bal toplamışdın? - IX sinif buraxılış imtahanında 263.7 bal toplamışdım.
- Ən böyük arzun nədir? - Ən böyük arzum Bakı Ali Neft Məktəbinin İnformasiya Təhlükəsizliyi fakültəsinə qəbul olmaqdır.
- İmtahana qədər gündə neçə saat dərs oxumusan? - Gün ərzində 5-6 saat, imtahana yaxın vaxtda isə daha çox vaxt sərf edirdim.
- Repetitor yanına gedirdin? - Əslində, məktəb müəllimlərimin və rəhbərliyin çəkdiyi əziyyətlər danılmazdır. Ancaq daha çox uğur əldə etmək üçün 10-cu sinifdən hazırlığa getmişəm. Lakin məktəbə getmədən yalnız hazırlıq dərsləri ilə məşğul olmaqla yüksək nəticə əldə etmək mümkün deyil.