Alimlər potensial təhlükəni aşkar etdilər
Kvinslend Universitetinin alimləri Alabama ştatında yereşənlərdə yeni növ henipavirus aşkar ediblər.
meqale.com xəbər verir ki, bu barədə alimlərin "Emerging Infectious Diseases" jurnalında dərc olunan məqaləsində qeyd olunur.
Virus Kemp-Hill adlandırılıb.
"Alabamada tutulmuş dörd şimal qısaquyruq yereşəninin toxuma RNT analizinin nəticələri yeni henipavirusun olduğunu göstərib. Bu, Şimali Amerikada henipavirus infeksiyalarının mövcudluğunu göstərir. Bunu müəyyən etmək son dərəcə vacibdir, çünki belə virusların əvvəllər düşünüldüyündən daha geniş yayıldığı qənaətinə gəlmək olar", - deyə elm adamları bildiriblər.
Alimlər vurğulayıblar ki, virusun heyvanlardan insana keçə bilib-bilməməsini başa düşmək üçün əlavə tədqiqatlar lazımdır. Tədqiqatçılar onu Çində aşkar edilmiş Lanye virusuna bənzədiblər.