Azərbaycana təzyiq edən ölkələr niyə susur?
İsrail HƏMAS-ın və fələstinlilərin gücünü sarsıtdığını zənn etsə də, oktyabrın yeddisində baş verənlər bunun əksini deyir. Fələstinlilərin divarı asanlıqla dağıdıb İsrailə daxil olması İsrail hökuməti üçün gözlənilməz oldu. HƏMAS demək olar ki, İsrailin içərisinə 10 km dərinlikdə girdi.
Ötən həftəsonu yaşananlar həm İsrail, həm də digər dövlətlər üçün "sürpriz" oldu. Belə ki, Həmas-ın silahlı qanadı "İzzəddin əl-Kassam" briqadasının komandanı Məhəmməd əd-Dayf İsrailə qarşı "Əksa tufanı" əməliyyatının başladığını və əməliyyat çərçivəsində yəhudi dövlətinin ərazisinə 5 min raket atıldığını elan edib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı "Dəmir qılınclar" əməliyyatına başladığını açıqlayıb.
İsrailin məqsədi Yaxın Şərqin xəritəsini dəyişməkdir və buna çatana qədər də atəşkəs razılığına gəlmək niyyəti yoxdur. İsrailin müdafiə naziri Yoav Qallant Qəzza zolağına tam blokada tətbiq edəcəklərini və bölgəyə elektrik, qida və yanacaq verilməyəcəyini bildirib. Orduya təlimat verən nazir deyib: "Qəzza tamamilə blokadaya alınacaq. Elektrik, qida və yanacaq verilməyəcək... Biz insanabənzər heyvanlarla mübarizə aparırıq və buna uyğun hərəkət edəcəyik."
İsrailin energetika və infrastruktur naziri İsrael Katz isə Qəzzaya su axınının kəsilməsini əmr edib və sosial media hesabında bu barədə belə deyib: "Mən İsraildən Qəzzaya su axınının dərhal dayandırılmasına qərar verdim. Sentyabrın 8-dən artıq elektrik və yanacaq kəsilib. Əvvəl olanlar bundan sonra olmayacaq".
Bu yaşanan proseslər bir neçə həftə əvvəl Azərbaycanda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarını ağıllara gətirir. Hansı ki, bu əməliyyatlara görə bütün dünya bizə təzyiq göstərirdi. Halbuki, Azərbaycan nə mülki obyektləri, nə mülki şəxsləri hədəf alırdı. Sonuncu antiterror tədbirlərində mülki vətəndaşlardan heç bir nəfərin də olsa burnu belə qanamamışdı. 24 saatdan da az bir vaxt ərzində həyata keçirilən bu tədbirlərdə onların nə işığı, nə suyu kəsilmişdi.