İndiyədək verdiyimiz şəhidlərin sayı açıqlandı
Xəbər verildiyi kimi, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.
meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktları və iş üzrə təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham akının hissəsini elan ediblər.
Bildirilib ki, 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb, 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.