Yəmən yeni savaş məkanına çevrilir - erməniləri böyük qorxuya salan nədir?
meqale.com Bakı.Xəbər-ə istiandən Tahir Tağıyevin yazısını təqdim edir:
ABŞ və Böyük Britaniya Yəməndə husilərin hərbi mövqelərinə zərbələr endirib. "Reuters" agentliyi bunun 2016-cı ildən bəri Birləşmiş Ştatların Yəməndə husilərə ilk zərbələri olduğunu yazır. İranın dəstəklədiyi bu qruplaşma son vaxtlar Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar edirdi.
Zərbələrin, əsasən, Hodeyda liman şəhərində və Yəmənin paytaxtı Sənada hədəflərə endirildiyi xəbər verilir. Ümumiyyətlə, Yəmənin Səna, Səada, Hodeyda, Taiz və Dhamar şəhərləri hücuma məruz qalıb. ABŞ prezidenti Co Bayden və Britaniyanın baş naziri Rişi Sunak zərbələrlə bağlı eyni vaxtda bəyanatlar səsləndiriblər. Bayden ABŞ və müttəfiqlərinin əməliyyatını husilərin Qırmızı dənizdə ticarət gəmilərinə misilsiz hücumlarına birbaşa cavab adlandırıb. ABŞ-nin müdafiə naziri Lloyd Ostin qeyd edir ki, Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır: "Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır". Onun sözlərinə görə, koalisiyanın əməliyyatları husilərə aydın mesajdır: "Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar. Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq". Xatırladaq ki, Yəmənin böyük hissəsinə nəzarət edən husilər ABŞ və Avropa İttifaqının terrorçu saydığı HƏMAS radikal qruplaşmasına dəstək nümayişi üçün dəniz yollarına hücum edirlər. Bu hücumlar Avropa və Asiya arasında əsas marşrut üzrə beynəlxalq ticarəti pozub. Müxtəlif gəmiçilik şirkətləri regionda fəaliyyəti dayandırıb, gəmilərini Afrika ətrafına yönəldib. Yəmənin üsyançı "Ənsar Allah" hərəkatı bəyan edib ki, ABŞ və Böyük Britaniyanın husilərin nəzarətində olan ərazilərdəki hədəflərə zərbə endirməsinə baxmayaraq, Qırmızı dənizdə İsrailə bağlı mülki gəmilərə hücumu davam etdirəcək. Hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam bildirib ki, onlar mövqelərini dəyişməyəcəklər: "Bir daha bildiririk ki, Yəmənə qarşı təcavüzün heç bir əsası yoxdur, çünki Qırmızı və Ərəb dənizlərində beynəlxalq gəmiçilik təhlükə altında deyildi. Biz işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinə hücum etmişik və hücuma davam edəcəyik". Bu fonda Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib. "Ənsar Allah" hərəkatının lideri Əbdülməlik əl-Husi "Al Masirah" telekanalında çıxışı zamanı bunu təsdiq edib: "Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir". O, həmçinin "Ənsar Allah" tərəfdarlarını çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə davam etməyə çağırıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani isə deyib ki, ABŞ və Böyük Britaniyanın Yəmənin "Ənsar Allah" hərəkatından olan husilərinə qarşı həyata keçirdiyi zərbələr özbaşınalıq və Yəmənin suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır. İran XİN sözçüsü Vaşinqton və Londonun bu kimi hərəkətlərinin yalnız regionda qeyri-sabitliyin artmasına səbəb olacağını vurğulayıb. Rusiya ABŞ və Böyük Britaniyanın Yəmənə hava zərbələri endirməsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının üçün təcili iclasını çağırıb.