10 seçki məntəqəsində müşahidə apardıq - Meksika parlamentinin üzvü

Azərbaycanda seçkilərin keçirilməsi prosesi Meksikadakı seçkilərə çox bənzəyir.

10 seçki məntəqəsində müşahidə apardıq - Meksika parlamentinin üzvü
Azərbaycanda seçkilərin keçirilməsi prosesi Meksikadakı seçkilərə çox bənzəyir.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Meksika Deputatlar Palatasının üzvü Alberto Villa Villeqas brifinq zamanı deyib.

"Dünən nümayəndə heyətimiz 10 seçki məntəqəsində müşahidə aparıb. Biz səhər saat 08:00-dan onlar bağlanana kimi orada idik. Meksika ilə Azərbaycan arasında seçki prosesindəki oxşarlıqlar məni xüsusilə heyrətə gətirdi. Əslində, seçki günü baş verən proses, seçki məntəqələrindəki şərait oxşardır", - deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ-nin "Oracle Advisory Group" təşkilatı dünən Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Təşkilatın əsas tərəfdaşı George Birnbaum bildirib ki, seçicilərin 93,9 faizi İlham Əliyevə səs verib.

Sosioloji Tədqiqatlar Mərkəzi də Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrini elan edib. Mərkəzin məlumatında bildirib ki, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.

"Rəy" Monitorinq Mərkəzi Azərbaycanda növbədənkənar Prezident seçkilərinin "exit-poll" nəticələrinə əsasən isə seçicilərin 92.6 faizi İlham Əliyevə səs verib.

Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar Prezident seçkilərinin ilkin nəticələrini də elan edib. İlkin olaraq 54,47% bülleten hesablanıb və nəticələrə görə İlham Əliyev 92,1% səs toplayıb.

Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin növbəti nəticələri də Mərkəzi Seçki Komissiyası tərəfindən elan olunub.

MSK sədri Məzahir Pənahov 7 fevral növbədənkənar prezident seçkilərinin yekunlarına həsr olunan tədbirdə məlumat verib ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.

Əlavə edək ki, ötən gün - 7 fevral Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.