30 illik həsrəti xoşbəxtliyin əvəz etdiyi 6 saat - Xankəndidən ÖZƏL REPORTAJ
Üç ay bundan əvvəl - 19-20 sentyabr tarixlərində Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin məntiqi nəticəsi olaraq separatçılardan təmizlənən Xankəndiyə getmək üçün səbirsizlənirdim. Şəhərdə müəyyən təhlükəsizlik tədbirləri görüləndən sonra ora getməyin mümkün olduğunu bilirdik. Ancaq bu qədər tez bir zamanda Xankəndidə təhlükəsizliyin bərpa olunduğunu eşitmək sevindirici idi. Bu xəbərlər ora getmək arzusunun tezliklə reallaşacağından xəbər verirdi.
Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və MOİK (Mərkəzi Ordu İdman Klubu) komandaları arasında oyunun keçiriləcəyi xəbərləri yayılırdı. Ancaq ilk vaxtlar bunu şayiə olaraq qəbul edirdik. Lakin bu xəbər rəsmi təsdiqini tapdıqdan sonra Xankəndiyə gedəcəyimə ümidim artmışdı. Bu fürsəti boşa verə bilməzdim. Oyun dekabrın 21-nə təyin edilmişdi. Xankəndiyə gedəcək avtobusların həmin gün gecə 3-də "Koroğlu" metrostansiyasının yaxınlığından çıxacağı xəbəri verilmişdi. Deyilən saatda həmin məkanda oluram. Burada yüzlərlə insan var. Hamının üzündə bir sevinc hissi var. Sənədlər yoxlandıqdan sonra bizə ayrılan avtobusa minib yola düşürük.
Bir neçə rayonlarımızı keçdikdən sonra işğaldan azad edilmiş Ağdam rayonuna çatırıq. Ağdamı ermənilər viran qoyub.
Baxdıqca adamın ürəyi ağrıyır. Lakin adamı sevindirən odur ki, Ağdam artıq bizdədir və burada bərpa-quruculuq işləri sürətlə davam etdirilir.
Çox keçmir ki, Əsgəran qəsəbəsinə çatırıq. Əsgəran qalası uzaqdan görünür. Əbəs yerə, ona Qarabağın "Böyük Çin səddi" deməyiblər.
Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası separatçılardan azad edilib.
Əsgərandan keçəndən sonra yaralı yerimiz olan Xocalıya çatırıq.
Ermənilər burda mülki əhalimizə qarşı kütləvi qırğınlar həyata keçirib. Lakin Xocalını azad görmək yaralarımıza məlhəm olur.
Artıq Xankəndiyə məsafə az qalıb. Avtobus sürətini azaldıb axır ki, qəlbimizdə gəzdirdiyimiz Xankəndiyə daxil olur.
Avtobus Xankəndi stadionunun yaxınlığında saxlayır. Avtobusdan düşüb heyran-heyran, acgözlüklə hər tərəfi süzürük. Neçə gün idi ki, havalar soyuq keçsə də, bu gün hava günəşli idi. Saat 11:30-u göstərir.
Saat 14:00-da işğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçının start fiti səslənəcək.
Xankəndi şəhər stadionu görüşü qəbul etməyə tam hazırdır. Müəyyən yoxlanışdan sonra stadiona keçib yerlərimizdə əyləşirik. Hamı sevincli və qürurludur.
Xankəndidə, "Qarabağ" - MOİK oyununun açılışında topa ilk toxunuşu Prezident İlham Əliyev edir.
Stadionu Qarabağ sədaları bürüyür.
Tarixi oyun başlayır.
Oyun maraqlı keçir.
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş "Qarabağ" komandasının 1:0 hesablı qələbəsi ilə başa çatır. "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin matçın əsas hissəsinə əlavə olunmuş vaxtın 5-ci dəqiqəsində vurduğu qol oyunun taleyini həll edir.
Oyun bitir. Təxminən saat 17:30-da biz unudulmaz təəssüratlarla Xankəndidən ayrılırıq. Amma hər birimizin gözü və könlü bu füsunkar gözəlliyə malik, çoxdan qovuşacağımızı gözlədiyimiz şəhərimizdə qalır.
Görüşənədək, Xanın kəndi.
TREND