ABŞ-də böhran: Tikanlı məftil qalmaqalı böyüyür
ABŞ-də vəziyyət gərginləşib. 1836-cı ildən 1845-ci ilə qədər ABŞ tərəfindən ilhaq olunana qədər müstəqil respublika olan Texas yenidən ABŞ-dən ayrılmaq istəyir. Baş verən son proseslər bunu deməyə əsas verir.
ABŞ-də ölkənin yarısı Vaşinqtona qarşı çıxıb. Texasda immiqrasiya qalmaqalları fonunda ABŞ-dan ayrılma çağırışları güclənib. Buna səbəb federal hakimiyyət orqanlarına ştatın qubernatoru Qreq Abbottun Meksika ilə sərhəddə inşa etməyə başladığı tikan-məftilli səddi sökməyə icazə verən Ali Məhkəmənin qərarı olub.
Texit hərəkatı (Texas Milli Partiyası Hərəkatı (TNM, eyni zamanda "Texit" kimi tanınır) geniş vüsət almaqdadır. TNM Texasın müstəqilliyini təbliğ edən regionun ən böyük təşkilatı hesab olunur. Ştat senatoru Bob Holl bu il ilk TNM konfransında çıxış edib. Bir çox mühafizəkarlar və respublikaçılar da bu təşəbbüsü dəstəkləyir. Bu proses Texas qubernatoru qanunsuz miqrasiyanın qarşısını almaq üçün Meksika ilə sərhəddə 50 kilometrlik tikanlı məftildən sədd çəkməsi ilə başlayıb. Belə ki, Bayden administrasiyası bu qərardan Ali Məhkəməyə şikayət edib. Yanvarın 22-də məhkəmə administrasiyanın xeyrinə qərar çıxarıb və qubernatorun səlahiyyətlərini aşdığını elan edib. Bayden sərhədçilərə tikanlı məftilləri sökmək əmri verib. Bundan sonra Texas qubernatoru ştatın ABŞ-ə xüsusi hüquqlarla daxil olmasını nəzərə alaraq, Texasın işğala məruz qaldığını bəyan edib. Qubernator Texasın problemlərinin özünün həll edəcəyini deyib.
Texasda sərhədləri qorumaq üçün səfərbərlik elan edilib. Texas sərhəd mübahisəsinə görə ABŞ prezidenti Baydenə qarşı bayraq qaldırıb. 25 Respublikaçı ştat birgə bəyanat yayaraq Texasın tərəfini tutdu. Digər ştatlardan Milli Qvardiya sərhədləri qorumaq üçün Texasa gəlib.
"Texit" hərəkatının nümayəndələri respublikaçıların praymerizində Texasın müstəqilliyi məsələsini səsvermə bülleteninə yerləşdirəcəklərini bildiriblər. Buna səbəb ABŞ-Meksika sərhədinin qanunsuz miqrant axınından qorunması ilə bağlı mübahisə olub.
"Mən bütün ştatları qeyri-qanuni mühacirlərin ölkəyə girişinin qarşısını almaq və onları sərhəddən geri göndərmək üçün təhlükəsizlik qüvvələrini yerləşdirməyə çağırıram". ABŞ-nin keçmiş prezidenti, yenidən dövlət başçısı seçilməyə hazırlaşan Donald Tramp belə bəyanatla çıxış edib.
Amerikalı siyasi şərhçi Dan Lazar Texasda baş verən hadisələri böhran adlandırıb: "Əlbəttə, bu böhrandır - və böyük böhran. Bu, ABŞ konstitusiya sisteminin bir çox cəbhələrdə dağıldığını göstərən daha bir əlamətdir". O vurğulayıb ki, Co Bayden növbəti dəfə prezident seçilərsə, ölkə vətəndaş müharibəsinin alovlanması riski ilə üzləşəcək.
Qeyd edim ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.Seçki ölkə tarixində 60-cı prezident seçkiləri olacaq və bu seçkidə ABŞ-ın 47-ci prezidenti seçilə bilər. Donald Tramp 2024-cü ilin noyabrında ABŞ-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürür. Onun demokratlardan olan rəqibi yenə 2020-ci ildə respublikaçıya qalib gəlməyi bacarmış Cozef Bayden ola bilər.