Almaniyanın keçmiş kənd təsərrüfatı naziri Bundestaqın sədri seçilib

Almaniya Kənd Təsərrüfatı Nazirliyinə 2018-2021-ci illərdə rəhbərlik etmiş Yuliya Klökner Almaniya parlamentinin (Bundestaq) sədri seçilib.

Almaniyanın keçmiş kənd təsərrüfatı naziri Bundestaqın sədri seçilib

Meqale.com - TASS-a istinadən xəbər verir ki, onun namizədliyini 382 deputat dəstəkləyib, 204 nəfər əleyhinə səs verib, 31 nəfər isə bitərəf qalıb.

Qeyd olunur ki, beş bülleten etibarsız sayılıb.

"Mən böyük sevinclə səsverməni qəbul edirəm", - Y.Klökner bildirib.

Ənənəvi olaraq, Bundestaqın sədrinin namizədliyini ən böyük parlament fraksiyası irəli sürür - hazırda bu, Xristian Demokratlar İttifaqı (CDU)/Xristian-Sosial İttifaqıdır (CSU). Klökner bu vəzifədə sosial-demokrat Berbel Bası əvəz edib.

Almaniyada fevralın 23-də növbədənkənar parlament seçkiləri keçirilib. Bu seçkilərdə CDU/CSU bloku 28,5 % səslə qalib gəlib. "Almaniya üçün Alternativ" (AfD) 20,8 % səslə ikinci yeri tutub. Üçüncü yerdə hazırkı kansler Olaf Şoltsun “Almaniya Sosial-Demokrat Partiyası” (SPD) 16,4 % səslə qərarlaşıb. Onlardan sonra "Yaşıllar" partiyası və Sol partiya gəlir. Onlar müvafiq olaraq seçicilərin 11,6 % və 8,8 % səsini qazanıblar.

Almaniyanın 21-ci çağırış parlamentində 630 yer var. Burada CDU/CSU 208 yerə, AfD - 152, SPD - 120, "Yaşıllar" partiyası - 85, Sol partiya - 64 yerə malikdir.