Avropa Azərbaycan Məktəbi yeni tədris ilini açıq elan etdi

28 Avqust tarixində Avropa Azərbyacan Məktəbi 2023-2024-cü tədris ilinə start verdi.

Avropa Azərbaycan Məktəbi yeni tədris ilini açıq elan etdi
28 Avqust tarixində Avropa Azərbyacan Məktəbi 2023-2024-cü tədris ilinə start verdi.

Məktəbin hər iki korpusunda təşkil olunan təntənəli açılış mərasimi ilə məktəb öz şagirdlərini salamladı və yeni dərs ilini açıq elan etdi.

Məktəbin ibtidai korpusunda tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Ardınca şagirdləri, valideynləri və müəllimləri salamlayan məktəb rəhbərliyi bütün AAM ailəsinə yeni dərs ilində uğur və müvəffəqiyyətlər arzu etdi. Onlar təhsilin vacibliyini, elm  və tədrisin uşaqların həyatında oynadığı önəmli roldan bəhs edərək şagirdləri yeni tədris pillələrində inamla yuxarı addımlamağa ruhlandırdı.

Daha sonra məktəb şagirdləri dostlarını və tədbir iştirakçılarını şeir, mahnı və təqdim etdikləri digər  ifalar ilə təbrik etdilər. Məktəbimizin 2023-cü il məzunu Həsən Zeynalov açılış mərasimində iştirak edərək uşaqlara uğurlar arzu etdi. Middlesex University Dubai universitetinə qəbul olduğunu qeyd edən Həsən Zeynalov, AAM-də təhsil aldığı illər haqqında təəssüratlarını bölüşərək uşaqlara çalışmağın və təhsilin verdiyi töhfələrdən danışdı.

İlk dərs günündə birinci sinfə qədəm qoyan uşaqların sevinci xüsusi ilə diqqət çəkirdi. Onları gözləyən uzun təhsil həyatının ilk günü birincilər üçün yaddaqalan oldu.

Sonda ilk zəng çaılındı və uşaqlar dərsə yollandılar.

Məktəbin orta təhsil binasında təşkil olunan açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra məktəb rəhbərliyi şagirdləri, valideyn və müəllimləri salamlayaraq onları yeni tədris ilində yenidən görməyə şad olduqlarını bildirdilər. Şagirdlərimizin ifasında təqdim olunan çıxışlar izləyicilərdə bayram əhval- ruhiyyəsi yaratdı.

Daha sonra Avropa Azərbaycan Məktəbinin 2023-cü il məzunlarının qəbul olunduğu universitetlər və qəbul haqqında video görüntü nümayiş etdirildi.

AAM-nin 2023-cü il məzunları 100% keçid dərəcəsi əldə etdilər və dünya miqyasında müxtəlif universitetlərə daxil oldular. Bu əlamətdar nailiyyət həm tələbələrin, həm də müəllimlərin fədakar səyləri sayəsində mümkün olmuşdur.

Daha sonra məktəbin 2023-cü il məzunları- Middlesex University Dubai universitetinə qəbul olmuş Həsən Zeynalov və Concordia University tələbəsi Ayla Ahmadova çıxış edərək təhsil səyahəti haqqında təəssüratlarını bölüşdülər. Məktəbin onların hərtərəfli formalaşmasında oynadığı roldan bəhs edərək əldə etdikləri uğurlu nəticələrə görə məktəb rəhbərliyinə və müəllim heyətinə dərin təşəkkürlərini bildirdilər.

Daha sonra çalınan ilk zəng səsi ilə şagirdlər siniflərə yollandılar və yeni tədris ili başlandı.

Avropa Azərbaycan Məktəbi bütün şagirdlərə yeni tədris ilində uğurlar arzu edir!