Avropa Azərbaycan Məktəbində Milli Musiqi Həftəsi qeyd olundu - FOTO
Azərbaycan musiqi ictimaiyyəti 18 sentyabr tarixini Milli Musiqi Günü kimi qeyd edir. Bu tarixi dahi bəstəkarımız Üzeyir Hacıbəylinin anadan olduğu gün olaraq böyük sənətkarın vəfatından sonra Musiqi Günü kimi qeyd etmək ənənə halını almışdır. 1995-ci ildə Prezident Heydər Əiyevin imzaladığı sərəncama əsasən bu gün rəsmi olaraq Milli Musiqi Günü kimi qeyd olunmağa başladı.
AAM-nin ibtidai məktəb korpusunda bu münasibətilə Milli Musiqi həftəsi təşkil edilmişdir. Həftə ərzində dahi Üzeyir Hacibəyli və Milli Azərbaycan musiqisinə həsr olunmuş müxtəlif tədbir və fəaliyyətlər həyata keçirildi.
Məktəbəqədər pillənin şagirdlərinin fotolarından ibarət Üzeyir Hacibəylinin portreti canlandırıldı və uşaqlar görkəmli sənətkar barədə məlumatlandırıldılar.
İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan Milli Musiqi Gününə həsr olunmuş tədbirdə şagirdlər həm maarifləndirici məlumatlar əldə etdilər, həm də Üzeyir bəyin qimətli musiqilərini ifa edərək bayram əhval-ruhiyyəsi yaratdılar.
Bütün ibtidai sinif şagirdləri dahi Üzeyir bəyin bəstələdiyi bir sıra bəstələri, o cümlədən "Arşın Mal Alan", "O olmasın bu olsun" kimi filmlərdə səsləndirilən dillər əzbəri olan musiqiləri ifa etdilər və səhnələşdirdilər. İbtidai məktəbin musiqi müəllimləri Kəmalə Əlizadə və Nərgiz Kəngərli tərəfindən hazırlanan repertuar və onların pianoda müşayiəti ilə şagirdlərin etdikləri ifalar məktəbdə musiqi festivalı abu havası yaratdı.
Tədbirdə qonaq olaraq iştirak edən Azərbaycan Respublikasının Əməkdar Artisi Anar Şuşalı ecazkar ifası ilə şagird və müəllim kollektivinin qəlbini fəth etdi. Güclü səsi ilə dahi Üzeyir bəyin əsərlərini səsləndirən sənətçinin ifası məktəb icmasının güclü alqışları ilə müşayiət olundu. Anar Şuşalı uşaqlara Üzeyir Hacıbəyli yaradıcılığı və irsi, Milli Musiqi Gününün əhəmiyyəti barədə məlumat verdi və onlarla söhbət etdi.
Milli Musiqi Günü çərçəvəsində bir qrup ibtidai sinif şagirdi Üzeyir Hacıbəylinin ev muzeyini ziyarət etdilər. Muzey bələdçisi uşaqlara Üzeyir Hacıbəyli irsi və yaradıcılığı, eləcə də dahi bəstəkarın şəxsi həyatı və ailəsi haqqında dolğun məlumat verdi. Üzeyir bəyin müasirləri olmuş dövrün digər görkəmli şəxsiyyətləri ilə olan fotoşəkillərini və dahi bəstəkarın xatirələrini şagirdlərlə bölüşən muzey əməkdaşı onlara xeyli yeni biliklər qazandırdı.
Vaxtilə dahi bəstəkarın yaşadığı evdə ona aid maddi nümunələri və əşyaları, xatirə şəkillərini, bəstəkara aid olan kitablar və iş materialları ilə tanış olan məktəblilər ekskusiyanı böyük maraqla izlədilər.
Sonda şagirdlər musiqi müəllimlərinin müşayiəti ilə Üzeyir Hacibəylinin bəstələdiyi məşhur bəstələri ifa etdilər.
Milli Musiqi Günü çərçivəsində məktəblilər Böyük Üzeyir Hacıbəyli və Azərbaycanın digər görkəmli musiqi xadimlərinin uyuduğu I Fəxri Xiyabanı ziyarət etdilər.
İlk olaraq məktəblilər və heyət Ümummilli lider Heydər Əliyevin qəbirüstü abidəsini ziyarət etdilər, Ulu Öndərin ruhuna ehtiramlarını bildridilər və məzarı önünə gül dəstələri düzdülər. Daha sonra onlar görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın məzarını ziyarət edərək qəbri önünə gel dəstələri qoydular.
Sonra dahi Üzeyir bəyin qəbirüstü abidəsini ziyarət edərək gül dəstəsi düzən şagirdlərə dahi bəstəkarın Azərbaycan Musiqi sənətinin atası sayıldığı və onun musiqi sənətimizin inkişafında müstəsna və misilsiz xidmətləri olduğu barədə məlumat verildi.
Ardınca məktəbin şagird və müəllim heyəti milli musiqi sənətimizin inkişafında əvəzsiz rolu olan digər bəstəkar və sənətkarların qəbirüstü abidələrini ziyarət etdilər və gül dəstələri ilə onlara olan hörmətlərini bildirdilər.
AAM-nin orta təhsil binasında da Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirildi.
Günün əhəmiyyəti barədə məlumat verən şagirdlərdən sonra musiqi tariximizə işıq tutan video material nümayiş etdirildi. Sonra isə şagirdlərin ifalarında milli musiqilərimiz ifa edildi və maraqlı rəqs nümunəsi təqdim olundu.
Məktəbdə qeyd edilən Milli Musiqi Həftəsi böyük coşqu ilə başa çatdı.