Azad edilmiş bu ərazilərin xəritə-sxemləri HAZIRDIR
Azərbaycanın ayrılmaz hissəsi olan və iqtisadi baxımdan müstəsna rol oynayan Qarabağ və Şərqi Zəngəzur İqtisadi Rayonları zəngin təbii sərvətlərə, eləcə də aqrar sahənin inkişafı baxımdan böyük potensiala malik ərazilərimizdən hesab olunur. Həmin ərazilərin torpaq-iqlim şəraiti, əlverişli su təminatı və coğrafi mövqeyi kənd təsərrüfatının inkişafı üçün geniş imkanlara malikdir.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O qeyd edib ki, İkinci Qarabağ müharibəsindən dərhal sonra cənab Prezident tərəfindən verilən əsas tapşırıqlardan biri də bölgədə kənd təsərrüfatı fəaliyyətlərinin bərpası istiqamətində olub.
"Kənd Təsərrüfatı Nazirliyi tərəfindən vaxt itkisinə yol verilmədən kənd təsərrüfatı fəaliyyətinin bərpası və dayanıqlı inkişaf etdirilməsi məqsədi ilə Coğrafi İnformasiya Sistemləri (CİS) vasitəsilə peyk məlumatları əsasında faktiki əkin yerləri və çoxillik bağların xəritə-sxemləri hazırlanıb.
Bu yerlərin yenidən dirçəldilməsi üçün ilk növbədə təhlükəsizliyin təmin olunması, ərazilərin minalardan təmizlənməsi ən vacib məsələ olaraq qarşıda dayanırdı. 2020-ci ildən həmin ərazilərdə kənd təsərrüfatı fəaliyyətlərinə başlamış müvafiq aqrar şirkətlər torpaqların becərilməsində təhlükəsizlik baxımından ciddi çətinliklərlə üzləşirlər ki, bunlara əsasən aşağıdakılar daxildir:
1. Əkin yerləri və bağ sahələri içərisində düşmən tərəfindən qurulmuş mina tələləri;
2. Kənd təsərrüfatı texnikaları üçün potensial təhlükə hesab edilən partlamamış silah-sursat qalıqları;
3. Mina təhlükəsi səbəbindən həmin sahələrdə işləməyə mexanizator və işçilərin marağının az olması;
4. Torpaq resurslarının potensial imkanlarından maksimum istifadə edilməməsi;
5. Mina və silah-sursat partlayışları nəticəsində torpaqların və suyun kimyəvi maddələrlə çirklənməsi və s.