Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 90,63 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.

Azərbaycan əczaçılıq məhsullarının idxalına çəkdiyi xərci 14 %-dən çox artırıb

Meqale.com Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 14,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 0,52 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 3,1 dəfə azdır.

Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,19 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon ABŞ dolları ixracın, 4 milyard 138,02 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son ildə ixrac 0,3 % azalıb, idxal isə 69,1 % artıb.