"Azərbaycan “Qlobal Metan Vədi” təşəbbüsünə qoşulub" - Nazir müavini
İqlim dəyişmələri probleminin həlli geniş miqyaslı və uzunmüddətli tədbirlər kompleksinin icrasını tələb edir.
                        meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu "Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri" zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib
Nazir müavini bildirib ki, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal iqlim dəyişmələrinə təsirləri azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq, 2050-ci ilə qədər istixana qazı emissiyalarının xalis payının 40%-ə qədər azaldılmasını şərtli hədəf kimi müəyyən edilmişdir.
"Azərbaycan bu il, həmçinin, qlobal metan emissiyalarının azaldılması üzrə öhdəlikləri nəzərdə tutan "Qlobal Metan Vədi" təşəbbüsünə qoşulmuşdur. Hazırda Paris Sazişinə uyğun olaraq ölkə üzrə Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi (NDC) və Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası (LTS) hazırlanmaqdadır", o əlavə edib.
Onun szölərinə görə, kənd təsərrüfatında iqlim dəyişiklikləri ilə mübarizə aparmaq və onun təsirlərini azaltmaq üçün kənd təsərrüfatı istehsalçılarını bu mövzuda məlumatlandırmaq və istehsal vərdişlərini mövcud iqlim reallıqlarına uyğunlaşdırmaq lazımdır.
"İqlim dəyişikliklərinin mənfi təsirlərinin qarşısını yalnız uyğunlaşma və azaltma çərçivəsində hazırlanacaq strategiyalarla almaq mümkündür.
Bu il beynəlxalq ictimaiyyətin bütün diqqəti ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində faəliyyətlərə yönəlmişdir. Qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.