Azərbaycan və MAQATE minaların aşkarlanması üçün nüvə texnologiyasından istifadə imkanlarını araşdırır - Ceyhun Bayramov

Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) minaların aşkar edilməsi üçün nüvə texnologiyasından istifadə imkanlarını araşdırır.

Azərbaycan və MAQATE minaların aşkarlanması üçün nüvə texnologiyasından istifadə imkanlarını araşdırır - Ceyhun Bayramov
Azərbaycan və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) minaların aşkar edilməsi üçün nüvə texnologiyasından istifadə imkanlarını araşdırır.

meqale.com Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Brüsseldə keçirilən Nüvə Enerji Sammitində çıxışı zamanı deyib.

"Biz Belçikaya və Beynəlxalq Atom Enerjisi Agentliyinə xoş dəvətə görə minnətdarlığımızı bildiririk. Qlobal enerji sektorumuzun irəliyə doğru dayanıqlı yolunu müzakirə etmək üçün mühüm məqamda burada toplaşmışıq. Nüvə enerjisinin COP28-də istixana qazı emissiyalarını azaltmaq vasitəsi kimi qlobal təhlilə daxil edilməsi həqiqətən tarixi bir mərhələ idi. Bu hadisə nüvə enerjisinin təhlükəsizliyinin və etibarlılığının təmin edilməsində kollektiv tərəqqinin sübutudur və MAQATE-nin mühüm rolunu vurğulayır", - o deyib.

Xarici işlər naziri qeyd edib ki, MAQATE-nin nüvə enerjisinin ətraf mühitə təsirinə yönəlmiş addımları, ilk növbədə, "İqlim üçün Atomlar" (Atoms4Climate Initiative) təşəbbüsü tərifə və tam dəstəyə layiqdir.

"Nüvə enerjisindən istifadənin genişləndirilməsi imkanlarını araşdırarkən, nüvə təhlükəsizliyini təmin etmək üçün səylərimizi ikiqat artırmağımız çox vacibdir. Bundan başqa, dinc məqsədlər üçün nüvə texnologiyasına çıxışı təşviq etmək kollektiv səylərimizin təməl daşı olaraq qalmalıdır. Biz COP29-a ev sahibliyi edən ölkə olaraq, bu il Bakıda keçiriləcək bu əlamətdar tədbirdə nəzərəçarpacaq nəticələr əldə etmək üçün səylərə sadiqik", - Ceyhun Bayramov qeyd edib.

Onun sözlərinə görə, sadələşdirilmiş və əlçatan nüvə enerjisi texnologiyalarının COP prosesində resurs müzakirələrinə daxil edilməsini təmin etmək çox vacibdir.

"Bu kontekstdə biz MAQATE-nin bu prosesə töhfəsini gözləyirik. Azərbaycan milli səviyyədə nüvə texnologiyasının tibb, kənd təsərrüfatı və digər sahələrdə dinc məqsədlərlə istifadəsindən faydalanır. MAQATE ilə birlikdə Azərbaycan üçün ciddi problem olan minaların aşkarlanmasına dair nüvə texnologiyasından istifadə imkanlarını da araşdırırıq. İndi biz MAQATE ilə Azərbaycanın "təmiz" enerjiyə keçid səyləri kontekstində nüvə enerjisindən istifadənin mümkünlüyünün birgə öyrənilməsi ilə bağlı müddəaları özündə əks etdirən növbəti beş il üçün çərçivə sənədimizi yekunlaşdırırıq", - o vurğulayıb.

meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun