Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı - FOTO

Bakıda məşhur futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məhkəmə qarşısına çıxarılıb.

Bakıda məşhur futbolçunun evindən oğurluq - Keçmiş vəzifəli xanım saxlanıldı - FOTO
Bakıda məşhur futbolçu Cavid Tağıyevin evindən oğurluq edən qadın məhkəmə qarşısına çıxarılıb.

meqale.com qaynarinfo-ya istinadən xəbər verir ki, oğurluq hadisəsini törətməkdə təqsirləndirilən şəxs 1980-ci il təvəllüdlü, Ucar rayon sakini A.S.-dir. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 (təkrar oğurluq), 177.2.3 (yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla oğurluq) maddələri ilə ittiham olunub.

İstintaqla müəyyən edilib ki, A.S. 1 iyun 2022-ci ildən 7 saylı "ASAN Xidmət" mərkəzində baş mütəxəssis vəzifəsində çalışıb. Zərərçəkmiş şəxs Cavid Tağıyevin həyat yoldaşı G.M. da eyni qurumda baş mütəxəssis işləyib və təqsirləndirilənlə yaxın rəfiqə olublar.

A.S.-nin təxminən 5 min manat borcu olduğu üçün o, G.M.-nin evindən oğurluq etməyə qərar verib. Əvvəlcə "ASAN Xidmət"in əməkdaşlarının çantalarını qoyduğu otağa daxil olaraq G.M.-nin çantasından ev açarını oğurlayıb. 2024-cü ilin iyun ayında G.M. ailəsi ilə Türkiyəyə istirahətə yollandıqdan sonra A.S. onun mənzilinə daxil olaraq 6 min 500 manat dəyərində əmlak oğurlayıb. Bu hadisədən ev sahibləri 8 ay xəbərsiz olublar.

A.S. növbəti oğurluğu 1 yanvar 2025-ci ildə törədib. Belə ki, Cavid Tağıyev ailəsi ilə Tovuz rayonuna yollanıb. A.S. bu dəfə onun mənzilinə daxil olaraq aşağıdakı əşyaları oğurlayıb:

* 2500 manat dəyərində "Tissot" markalı kişi qol saatı, * 6000 manat dəyərində ağ qızıldan nişan üzüyü, * 800 manat dəyərində üç cüt uşaq qızıl sırğası, * 700 manatlıq daha bir "Tissot" kişi qol saatı, * 400 manatlıq qızıl sırğa, * 50 manatlıq cins gödəkcə, * 50 manatlıq digər bir gödəkcə, * 30 manatlıq cins şalvar, * 400 manatlıq "Canon" fotoaparat və * 300 manat nağd pul.

Nəticədə zərərçəkmişə ümumilikdə 11 min 230 manat maddi ziyan dəyib.

Hadisədən xəbər tutan Cavid Tağıyev hüquq-mühafizə orqanlarına müraciət edib və A.S. saxlanılıb. O, vəzifəsindən azad edilib. İstintaq dövründə A.S. vurduğu maddi ziyanı tam şəkildə ödədiyi üçün Cavid Tağıyevin ailəsi ondan şikayətçi olmayıb.

Məhkəmə A.S.-yə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Belə ki, onun 2 ay 2 gün həbsdə, 3 ay 29 gün isə ev dustaqlığında keçirdiyi müddətlər nəzərə alınaraq, ümumilikdə cəzanın 1 il 2 günü çıxılıb və nəticə olaraq 1 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası qüvvədə saxlanılıb. Bu müddət ərzində A.S. elektron qolbaqla nəzarətdə olacaq.