Bakıda tramvay xətti bu ərazilərdən keçəcək - XƏRİTƏ
Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq.
meqale.com baku.ws-ə istinadən bildirir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Planda qeyd olunur ki, Bakıda infrastrukturun yenidən aktivləşdirilməsi və daha səmərəli istifadə olunması planlaşdırılır.
Bunun nəticəsi olaraq tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər.
Məlumat üçün bildirək ki, 2027-ci ilə qədər tramvay sisteminin Bakı Dəmiryolu vağzalı ilə (mərkəzi nəqliyyat qovşağı) əlaqələndirilməsi belə olacaq:
• Bakı Limanı sahəsinin dəmir yoluna birləşdirilməsi; • mərkəzi Bakı Stansiyasının dəmir yolu qovşağı kimi tamamlanması; • giriş/çıxış edən sərnişinlər üçün bir nəqliyyat vasitəsindən digərinə keçidin asanlaşdırılması; • əsas mərkəzi yeraltı parklanma sahəsinin (Hökümət Evinin yanı) dəmir yolu ilə əlaqələndirilməsi; • Bakı Bulvarı ilə İçərişəhər ərazisinin relsli ictimai nəqliyyat xətləri ilə əlaqələndirilməsi.
"Ağ şəhər" və "Port Baku" ərazisinin dəmir yolu əlaqəsinin təkmilləşdirilməsi:
• "Ağ şəhər" bulvarı xəttinin yaradılması; • Mərkəzi "Ağ şəhər" xəttinin salınması.
28 May dəhlizinin inkişafının davam etdirilməsi:
• Mərkəzi Bakı Stansiyası ilə Tofiq Bəhramov adına Respublika Stadionu arasında birbaşa əlaqənin yaradılması; • Gənclik metro stansiyasının çoxmodallı qovşaq kimi inkişafı; • şəhər daxilinə birbaşa və mərkəzi Şimal-Cənub əlaqəsinin yaradılması; • yaşıl və qırmızı metro xətləri arasında əlaqənin qurulması.
Binəqədi ərazisinin dəmir yolu əlaqəsinin təmin edilməsi:
• dəmir yolu vasitəsilə Binəqədi və Bakı Dəmiryolu vağzalı arasında tramvay nəqliyyatı əlaqəsinin yaradılması.
Gələcək inkişaf - 2040-cı il
Tramvay əlaqəsinin cənub-qərbə doğru uzadılması:
• təklif olunan mərkəzlərin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemləri vasitəsilə şəhər mərkəzi ilə əlaqələndirilməsi; • cənub-qərb istiqamətində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi.
Şəhər inkişaf layihələrinin həyata keçirildiyi ərazilərdə dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi:
• relsli nəqliyyat sistemlərinin şəhəri tam əhatə etməsinə nail olunması; • Nəriman Nərimanov prospekti ətrafındakı şəhər inkişaf ərazilərində dəmir yolu. nəqliyyatı ilə təminatın əhatə dairəsinin genişləndirilməsi; • "Təmiz Şəhər" ərazisinin yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat vasitəsilə əlaqələndirilməsi; • "Ağ şəhər"in şərq hissəsində dəmir yolu nəqliyyatı ilə təminatın əhatə dairəsinin daha da genişləndirilməsi; • Bakının mərkəzinin şərq hissəsində qarşılıqlı əlaqələndirmənin təmin edilməsi.
Tramvay-qatar sistemi üçün keçid nöqtələrinin əlavə olunması:
• Bakı şəhər mərkəzi ilə Binəqədi arasında əlaqənin gücləndirilməsi; • Dərnəgül dəmir yolu magistralına qoşulma; • dəmir yolu magistralının son 11 km-lik hissəsinin yüklənmədən azad olunması; • şəbəkənin gücləndirilməsi (ehtiyat variantlar, sistemin rezervləşdirilməsi).