Bal adı ilə satılan şərbətlər - ayırd etmək üçün ən etibarlı üsullar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. 

Bal adı ilə satılan şərbətlər - ayırd etmək üçün ən etibarlı üsullar
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanan Multimonitorinq Planının icrası davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, ticarət şəbəkələrində satılan bal məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən etmək üçün 50 bal məhsulundan nümunələr götürülərək müayinələrə cəlb olunub. 

Nümunələrin sınaq nəticəsinə əsasən 23 bal məhsulunda hər hansı uyğunsuzluq aşkarlanmayıb, 9 istehsalçıya məxsus 27 bal məhsulu partiyasında uyğunsuzluqlar müəyyən edilib. Aşkar edilmiş uyğunsuzluqlarla bağlı istehsalçı müəssisələrdə plandandankənar yoxlama aparılıb və məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul olunub. Eyni zamanda, həmin müəssisələrdən ikisində məhsulların etiket məlumatlarında nöqsan aşkar edildiyinə görə sahibkarlar inzibati məsuliyyətə cəlb edilib. 

Aparılan nəzarət tədbirləri zamanı müvafiq rəy əsasında istehlaka yararsız 1560 kiloqram bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu sahədə araşdırmalar davam etdirilir. 

Sirr deyil ki, ölkədə təmiz bal adı altında satılan məhsullar bir çox hallarda standartlardan uzaq olur. Hərçənd dadına əsasən onları keyfiyyətlidən ayırd etmək asan deyil. 

Bəs balın təmizliyinə necə əmin olmalı? Ən etibarlı üsulı hansıdır? Bazardan, yoxsa marketdən almaq daha uyğundur? İnflyasiyanı da nəzərə alsaq, hazırda yaxşı balın bir kilosu neçəyə olmalıdır? 

Eyyub Hüseynov: "Təbii bal istehsalçıları bu cür süni balları ayırd edə bilmirlər" 

İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı "Yeni Müsavat"a deyib ki, ölkənin əmtəə bazarında bal sektorunda problemlər yaşanır: "Çox yaxşı haldır ki, AQTA bunların monitorinqini etməyə. Qeyd edim ki, bizim ofisimizdə nümunələr var. Balı Türkiyədən gətirilmiş xüsusi tozlar (dad verici, qoxu verici), xüsusi qablaşdırma materialları, şəkərlə, eləcə də müəyyən temperatur və texnologiya ilə hazırlanaraq bazara çıxarılır. Üzərində çəkisi və digər göstəricilər göstərilir. Qida Təhlükəsizliyi Agentliyi balın böyük bir partiyasını ifşa edib.

Çox yaxşı haldır, lakin yenə də bu cür hallar davam edir. Bu, ifşa olunan qadın bizim ofisimizə gəlmişdi. O dedi ki, "Mən bunu Rusiyada öyrənmişəm, orada uzun müddət bizneslə məşğul olmuşam, burada da bunu etmək istədim. Nəhayət Azərbaycanda ifşa olundum". Çox yaxşı haldır.

Onlar arı ilə heç bir əlaqəsi olmayan maddələrdən balı hazırlayırlar. Bu, elə də asan bir məsələ deyil. Təbii bal istehsalçıları bu cür süni balları ayırd edə bilmirlər. Bunun araşdırılması isə o qədər də sadə deyil. Yalnız mükəmməl laboratoriya vasitəsi ilə arının ifraz etdiyi xüsusi maddələrin analizi aparılaraq balın təbiiliyi müəyyən olunur. 

Digər primitiv yollar da mövcuddur, lakin onlar tam dəqiq nəticə vermir. Bu cür fırıldaqçılığın qarşısını almaq üçün ciddi nəzarət və keyfiyyət testləri tələb olunur. Bal bazarı hazırda çox çirklənmiş və xaotik vəziyyətdədir. Dövlət dəstəyi ilə neçə ildir ki, Bal Assosiasiyaları yaradılıb. Mən bal assosiasiyasının rəhbərliyinə təkliflə müraciət etmişəm ki, gəlin əməkdaşlıq edək. Tam təmmənasız şəkildə bu sahədə kömək etməyə hazıram. Lakin təəssüflər olsun ki, mənə əsasən məsafədən təşəkkür bildirir, işbirliyinə real addım atmırlar. Nə qədər ki, cəmiyyətdə müəyyən məsələlər üçün haqq-ədalət naminə maraqlı tərəflərin inteqrasiyası baş vermir, həmçinin bu inteqrasiya kütləvi informasiya vasitələri ilə sinxron və əlaqəli həyata keçirilmir, bazarın müxtəlif sahələrində olduğu kimi, bal sektorunda da problemlər davam edəcəkdir.

Təmiz balın bazardakı qiyməti xeyli yüksək olmalıdır. Misal üçün, qohumuma bu yaxınlarda Filippindən bal gətirdim. O tərifləyir və deyir ki, bu bal yaxşıdır. Mən özüm də o balı yoxlayacağam. İnsanlar tez-tez bu kimi məhsulları uzaq ölkələrdən gətirirlər. Lakin o ölkələrdən gətirilən balların da necə hazırlandığı məlum deyil. Başqa ölkələrdə də bu cür problemlər yaşanır. Lakin birmənalı şəkildə  insanlar onlayn yolla bal almasınlar. Çünki aldatma hallarının əksəriyyəti onlayn satışlarda baş verir. Aldatma təkcə kiçik ticarətdə deyil, hətta avtomobillərin arxasında satılan yerlərdə də, marketlərdə də ola bilər. Lakin süni bal, yəni arı ilə heç bir əlaqəsi olmayan bal üzərindən arı, şanı şəkli götürülməlidir. Üzərinə süni bal yazılmalı, tərkibinə nə qatılıbsa qeyd edilməlidir". 

Bəs baldan kim, nə qədər gündə istifadə edə bilər? Neçə yaşdan? 

Seyfəddin Əsəd: "Balı qəbul edəndə şəkər kəskin qalxır, demək, tərkibində şəkər tozu var"