Beynəlxalq Muğam Mərkəzində Zəfər gününə həsr olunmuş konsert təqdim olunub - FOTO
Beynəlxalq Muğam Mərkəzində (BMM) Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim olunub. Muğam Mərkəzinin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində keçirilən konsertdə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə çıxış edərək qonaqları salamlayıb və Zəfər günü münasibətilə kollektiv adından təbrik edib. Diqqətə çatdırıb ki, 15 il əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olub. Heydər Əliyev Fondunun möhtəşəm layihələri sırasında xüsusi əhəmiyyəti olan bu mərkəzin inşası Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Mərkəzin fəaliyyətinə nəzər saldıqda görürük ki, bu mədəniyyət ocağı nə qədər uğurlu yol keçib.
Daha sonra BMM-in solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikovun ifaları təqdim olunub. Xanəndələri tarda Rövşən Qurbanov, kamançada Ceyhun Muradov, qanunda Əməkdar artist Təranə Əliyeva, udda Vasif Yusibli, nağarada Amil Mustafayev, balabanda Rafael Əsgərov müşayiət edib. Anşlaqla keçən konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.