Beynəlxalq Muğam Mərkəzinin nəşrləri seriyasından özbək xalqının böyük mütəfəkkiri Zəməxşərinin əsəri işıq üzü görüb - FOTO
Beynəlxalq Muğam Mərkəzi oxucuları 2026-cı ilə yeni nəşr etdiyi kitabla müjdələyir. Belə ki, oxuculara təqdim edilən kitab özbək xalqının böyük alim və mütəfəkkiri Zəməxşərinin (Əbdülqasım Mahmud bin Ömər bin Məhəmməd əl Xarəzmi əz- Zəməxşəri) "Müqəddimətül- ədəb" əsəridir. Türkologiyada xüsusi yeri olan əsər Beynəlxalq Muğam Mərkəzinin qardaş Özbəkistanla qarşılıqlı əlaqələrinə bir töhfədir.
Kitab filologiya elmləri doktoru, professor Tərlan Quliyevin əski əlifbadan müasir əlifbaya çevirməsi ilə ərsəyə gətirilib. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda hazırlanan əsərin elmi redaktoru akademik Teymur Kərimlidir.
Qeyd edək ki, Zəməxşərinin (1074- 1144) "Müqəddimətül- ədəb" əsəri türkoloji aləmdə Mahmud Kaşğarinin "Divani luğat- it Türk" əsərindən sonra mühüm yer tutur. Abidənin ilk növbədə ərəbcə-farsca- türkcə (Xarəzm türkcəsi) lüğət olmasına baxmayaraq əsərdə yüzlərlə türk söz və söz birləşmələri öz əksini tapıb. Əsər Azərbaycan oxucusuna ilk dəfə təqdim olunur.
Diqqətə çatdırmaq istərdik ki, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi BMM-nin inkişaf strategiyasında prioritet istiqamətlərdən biridir. Bu baxımdan BMM -nin Özbəkistanın ali təhsil müəssisələri və Makom Mərkəzi arasında imzalanan müqavilələrdə qarşılıqlı elmi və mədəni mübadilə imkanlarının inkişafı, elmi-tədqiqat işləri, qarşılıqlı konsert və mədəni layihələr, ustad dərsləri kimi əməkdaşlıq məsələləri nəzərdə tutulur. 2025-ci ilin iyul ayında Özbəkistanın Mədəniyyət Elçisi adına layiq görülən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadənin təşəbbüsü ilə Şərq dünyasının böyük alimi Zəməxşərinin əsərinin mərkəz tərəfindən çapı mədəni əlaqələrə töhfə olaraq bu istiqamətdə atılan növbəti addım kimi təqdirəlayiqdir. Bu günə kimi BMM Özbəkistanla əməkdaşlıqda yeddiyə yaxın sənədə imza atıb. Birgə əməkdaşlıq qarşılıqlı təcrübə mübadiləsinin artırılmasına, qurumlar arasında qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin və ədəbi nümunələrin geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsinə xidmət edəcək. Qarşıdakı layihələrdən biri də BMM-nin solistlərinin ifasında Əlişir Nəvainin qəzəllərindənm ibarət muğam gecəsinin təşkil edilməsidir.