"BMT? Rədd olsunlar! Baş katib əxlaqsızcasına...” - Dünya hələ belə qalmaqal görməyib - FOTO
Fələstinin Qəzza bölgəsində İsrail ordusunun həyata keçirdiyi əməliyyatlar və xüsusilə də bombardmanlarla bağlı BMT Təhlükəsizlik Şurasında keçirilmiş fövqəladə iclas tarixə düşəcək.
Çünki dünyada hələ belə siyasi qalmaqal olmamışdı.
meqale.com bildirir ki, Qəzza bölgəsində vəziyyəti eskalasiyası ilə bağlı BMT-nin baş katibi Antonio Quterres çıxışında deyib:
"HƏMAS hücumunun təsadüfən baş vermədiyini etiraf etmək vacibdir. Fələstin xalqı 56 ildir ağır və boğucu işğala məruz qalıb. Onlar öz torpaqlarının durmadan yəhudi yaşayış məntəqələri ilə dolduğunu, zorakılığa məruz qaldığını, iqtisadiyyatların boğulduğunu, insanların didərgin düşdüyünü, evlərin söküldüyünü gördülər... Lakin Fələstin xalqının şikayətləri HƏMAS-ın dəhşətli hücumuna haqq qazandıra bilməz. Onlar Fələstin xalqının kollektiv şəkildə cəzalandırılmasına haqq qazandıra bilməzlər".
Beləcə, A.Quterres faktiki olaraq İsraili fələstinlilərə qarşı qəddar davranışda, müharibə qanunlarını pozmaqda suçlayıb.
İsrail Xarici İşlər Naziri Eli Cohen isə söyləyib: "Mənə deyin görək - körpələrin öldürülməsinə müasir cavab nədir?! Qadınları zorlayıb yandırmaq? Uşağı öldürmək? Sizi öldürüb məhv etməyə, yer üzündən silməyə cəhd edənlərlə atəşkəs haqqında necə danışıqlar apara bilərsiniz?! Oktyabrın 7-də törədilən qırğına mütənasib cavab HƏMAS-ın son yaraqlıya qədər tamamilə məhv edilməsi olardı. HƏMAS-ı məhv etmək təkcə İsrailin haqqı deyil, bizim məsuliyyətimizdir. İsrail üçün bu, sağ qalmaq məsələsidir".
İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdanın iclasdakı çıxışı isə həddən ziyadə sərt olub.
"Cənab baş katib, BMT HƏMAS-ın İsrailə qarşı törətdiyi barbar vəhşiliklər kimi faciələrin qarşısını almaq üçün yaradılıb. Lakin BMT uğursuzluğa düçar olur və siz, cənab baş katib, HƏMAS-ın hücumunun "vakuumda baş vermədiyi" barədə dəhşətli sözlər dediyiniz üçün bütün mənəviyyatınızı və qərəzsizliyinizi itirdiniz.
Siz terrora haqq qazandırırsınız!
Bu qanlı izinizdir! Hesab edirəm ki, BMT-nin baş katib istefa verməlidir. Bundan sonra bu binada olan hər gün üzr istəməlidir. Dərhal! Bu gün!
Bu təşkilatın, bu binanın mövcud olmağa haqqı yoxdur! Bu təşkilat vəhşiliklərin qarşısını almaq üçün yaradılıb, bu bina həmin məqsəd üçün tikilib. BMT-nin baş katibi öz sözü və ya başqa vasitələrlə günahsız vətəndaşlara qarşı iyrənc vəhşiliyə necə haqq qazandıra bilər?!"
Gilad Erdan daha sonra sosial şəbəkələrdəki profillərində yazıb: "BMT-nin Təhlükəsizlik Şurasındakı müzakirələrin əvvəlində, bütün İsraildə kütləvi raket atışları aparılarkən BMT baş katibinin şok çıxışı, nəhayət, şübhəsiz ki, baş katibin tamamilə vəziyyəti anlamadığını sübut etdi. O, Bölgəmizdəki reallıqla və nasist terrorçu HƏMAS tərəfindən törədilən qırğına təhrif olunmuş və əxlaqsız bir baxışa sahib olduğunu söylədi.
Onun HƏMAS hücumlarının "vakuumda baş vermədiyi" ifadəsi terrorizm və qətli başa düşməyi nümayiş etdirir. Bu, həqiqətən də anlaşılmazdır. Holokostdan sonra yaranmış bir təşkilata belə dəhşətli baxışları olan bir adamın rəhbərlik etməsi təəssüf doğurur. Faciə!"
Gilad Erdan İsrail Ordusu Radiosuna müsahibəsində bildirib ki, İsrail artıq ölkəyə viza verməkdən imtina edib. BMT Baş katibinin müavininə və gələcəkdə Təşkilatın bütün nümayəndələrinə rədd cavabı veriləcək:
"Bu hadisələr nəticəsində biz BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyik, biz artıq baş katibin humanitar yardım üzrə müavini Martin Qriffiti rədd etmişik - onlara dərs keçməyin vaxtıdır."
Orxan Hun meqale.com