Bu ərazidə güzəştli mənzil almaq istəyənlərə şad xəbər: MİDA tikintiyə başlayır
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MİDA" Məhdud Məsuliyyətli Cəmiyyətinin Abşeron rayonunun Saray qəsəbəsində yeni yaşayış kompleksinin tikintisi ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.
meqale.com iqtisadiyyat.az-a istinadən xəbər verir ki, kompleksdə binaların tikintisini həyata keçirəcək üç şirkət müəyyənləşib.
Bunlar "Hünər-İnşaat", "GM Construction" və "Yar İnşaat Təmir-Tikinti" şirkətləridir. Bu inşaat şirkətləri 4,5 ha torpaq sahəsində ümumilikdə 12 ədəd çoxmərtəbəli yaşayış binasının, eləcə də 3 ədəd birmərtəbəli qeyri-yaşayış binasının tikintisini həyata keçirəcək.
Məlumata görə, 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və 3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarının tikintisini "Hünər-İnşaat" şirkəti 26,4 milyon manata, 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisini "GM Construction" şirkəti 31,3 milyon manata və 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini isə "Yar İnşaat Təmir-Tikinti" şirkəti 20,3 milyon manata həyata keçirəcək.
Beləliklə, "MİDA"nın Saray kompleksində yaşayış və qeyri-yaşayış binalarının tikintisi 78 milyon manata başa gələcək. Bundan əlavə, kompleksdə digər zəruri infrastruktur layihələri də icra olunacaq.
Qeyd edək ki, Saraydakı yeni yaşayış kompleksinin tikinti layihəsi isə hələ ötən ilin sentyabrında "Arch-tikinti" şirkəti tərəfindən hazırlanıb.