Bu il mənzilini sığortalamayanı nə gözləyir? - hüquqşünasdan açıqlama

"Sığorta mexanizmini təkmilləşdirmək lazımdır"

Bu il mənzilini sığortalamayanı nə gözləyir? - hüquqşünasdan açıqlama
"Sığorta mexanizmini təkmilləşdirmək lazımdır"

İlin təzələnməsi ilə özəl mülklərin, o sırada mənzillərin sığortalanması məsələsi yenidən gündəmə gəlib. Artıq sığorta şirkətlərindən telefonlara müqavilə bağlamağa çağırış edən mesajlar və xəbərdarlıqlar gəlməyə başlayıb. 

Bəs evlərin sığortalanması məcburidirmi və bunu etməyənləri cərimə gözləyirmi? 

Xatırladaq ki, "İcbari sığortalar haqqında" Qanunun tələblərinə əsasən, 2012-ci ilin yanvar ayının 1-dən etibarən Azərbaycanda daşınmaz əmlakın icbari sığortasına başlanılıb. Daşınmaz əmlaka görə bir illik icbari sığorta haqqı Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır.

Yanğın, elektrik naqillərində baş verən qısa qapanma, su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; təbii fəlakətlər və s. sığorta hadisəsi hesab olunur. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla, qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

Sığorta hadisəsi baş verdikdən sonra sığorta şirkəti əmlak sahibinə Bakı şəhərində maksimim 25 min manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində maksimim 20 min manat, digər yaşayış məntəqələri və bölgələrdə isə maksimim 15 min manat ödəyir.

"İnzibati Xətalar Məcəlləsi"nin 469-cu maddəsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub.

Daşınmaz əmlakı sığorta etdirmək üçün 2 sənəd - şəxsiyyət vəsiqəsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənəd ("kupça") tələb olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.