Bu məhsul marketlərdə üçqat baha satılır
Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 25,3-27,5 manat arasında dəyişir.
Mİlli.Az Yeniavaz.com-a istinadən xəbər verir ki, son bir neçə aydır 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətində heç bir dəyişiklik olmayıb.
Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 25,3 manata "Dəvəçi-Taxıl" MMC, ən baha qiymətə - 27,5 manata "Azeri-Arapoğlu U.S və T.LTD" BM satır.
Məlumat üçün bildirək ki, Azərbaycanda unun topdansatış qiymətilə pərakəndə satış qiyməti arasında kəskin fərq var.
Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycanda pərakəndə satış şəbəkələrində (marketlər) 1 kiloqram unun orta satış qiyməti 1 manat 50 qəpik təşkil edir. Hazırda 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətinin 25-26 manat (1 kiloqram - 50-52 qəpik) olduğunu nəzərə alsaq, o zaman unun marketlərdə topdansatış qiymətindən təxminən 3 dəfə baha satıldığı görülür.