Cənubi Qafqazda sülhün yolu haradan keçir?

Cənubi Qafqazdakı proseslərin sürəti artdıqca məcralarla istiqamətlərin dəyişmə intensivliyində də ciddi fərqlər müşahidə olunmağa başlayıb. İrəli çıxan məqamlar arasında xüsusi seçiləni isə Qərbin bölgə dövlətlərinə verdikləri vədlərlə göstərdiyi təzyiqlərdir.

Cənubi Qafqazda sülhün yolu haradan keçir?
Cənubi Qafqazdakı proseslərin sürəti artdıqca məcralarla istiqamətlərin dəyişmə intensivliyində də ciddi fərqlər müşahidə olunmağa başlayıb. İrəli çıxan məqamlar arasında xüsusi seçiləni isə Qərbin bölgə dövlətlərinə verdikləri vədlərlə göstərdiyi təzyiqlərdir.

ABŞ, Fransa və Avropa İttifaqının (Aİ) Cənubi Qafqazda fəallaşmasının səbəbləri və mümkün nəticələri bərədə çoxsaylı ehtimallar mövcuddur. Ssenarilərin çeşidi, məqsədlərin müxtəlifliyi vəziyyəti gərginləşdirən amillər arasındadır.

Cənubi Qafqazdakı dövlətlərin hər birinin fərqli diplomatiyası, daxili siyasəti, məqsədləri, geostrategiyası və taktikası var.

Dünyanın digər önəmli geosiyasi məkanlarından fərqli olaraq coğrafi baxımdan çox kiçik Cənubi Qafqazda NATO, Avropa İttifaqı, ABŞ, Fransa, İran, Rusiya, KTMT, MDB, Avrasiya İqtisadi Birliyi, Avrasiya Gömrük İttifaqı, Çin, Britaniya, Pakistan, İsrail və s. ölkələrlə təşkilatların, bloklarla beynəlxalq strukturların maraqları toqquşur.

Toqquşmalar bir yana - sadalanan dövlətlərlə qurumların hər biri regionda təmsil olunmağa çalışır, buna can atır və malik olduğu bütün vasitələrdən istifadə edir.

Bölgədəki mövcud vəziyyət Azərbaycan, Türkiyə və Gürücstan arasındakı həm ikitərəfli, həm də üçtərəfli əlaqələrin sürətlə inkişaf etdiyini göstərir. Kollektiv Qərb, Rusiya və İran, habelə Fransa, Yunanıstan və Hindistan bölgəmizdə Türkiyənin ciddi geosiyasi təsir imkanlarına yiyələnməsini istəməyərək prosesə bütün imkanları ilə mane olmağa çalışsalar da, situasiya inkişafdadır.

Cənubi Qafqaz bölgəsində Türkiyənin mövqeləri fasiləsiz möhkəmlənir. İkinci Qarabağ Müharibəsi başa çatandan sonra daha da aktivləşən Ankara geosiyasi rəqiblərinin və aşkar düşmənlərinin bütün səylərinə rəğmən xarici siyasətində vadar edilməyə cəhd olunan təzyiqlərə rəğmən, heç bir dəyişiklik etməyib. Tam əksinə, rəsmi Ankara regional əməkdaşlıq və tərəfdaşlıq, sülhlə stabilliyin bərqərar olması, kommunikasiyaların açılması və yeni marşrutların istifadəyə verilməsi istiqamətində əməli addımlar atır.

Həmin addımların arasında xüsusilə fərqlənən təşəbbüs Cənubi Qafqazdakı gərginliyin səbəblərinin aradan qaldırılması üçün ilkin mərhələ sayılan problemin həllinin - Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imxalanması - mümkün qədər tezləşdirilməsi üçün Türkiyənin gərəkli bütün vasitələri işə salmağa hazır olması barədə bəyanatlarıdır.

Azərbaycanla qardaşlıq münasibətlərinin miqyasının genişlənməsi, Ankara-Bakı əlaqələrinin mövcud geosiyasi fonda stabilliyə yönəlmiş təşəbbüslərin effektiv məcmusuna çevrilməsi və ikitərəfli təmasların bölgədəki vəziyyətə köklü təsiri fonunda kollektiv Qərbin risklərin artırılmasına yönəlmiş siyasəti uğursuzluğa düçardır.

Səbəblər çox olsa da, onların arasında ən mühümləri ABŞ, Fransa və Avropa İttifaqının bölgədəki maraqlarının əksər hallarda ziddiyyət təşkil edərək prosesləri ləngitməsi, bəzi hallarda isə gərginliyin triggerinə çevrilməsidir.

Müşahidə olunan vəziyyətdə Ermənistanın Rusiya və İranla əlaqələrində də ciddi geriləmə müşahidə olunur. İrəvan-Moskva marşrutunda sərinləşmə, münasibətlərin gərilməsi və Ermənistanın aşkar Qərbmeylli siyasət yürütməsi nəticəsində Moskvanın ritorikasının dəyişməsi göz önündədir.

Ermənistanı müttəfiq hesab edən Rusiya ermənilərin İranla strateji tərəfdaşlıq qurmaq niyyətinin əslində Moskvanın bölgədəki maraqlarına zidd olduğunu anladı. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və İranla əlaqələri eyni səviyyəyə çatdıraraq tərəfdaşlığın üçtərəfli formatına can atsa da, Moskva bununla razılaşmayıb.

44 günlük İkinci Qarabağ Müharibəsində Ermənistanın tam məğlubiyyəti və kapitulyasiysı isə ümumiyyətlə, İrəvanın bəhs olunan planlarının üstündən xətt çəkdi.

Paşinyan hakimiyyəti Xankəndindəki sabiq separatçı xuntanın "müstəqil formatlı hakimiyyət" olduğunu bəyan edərək bu iddiadan diplomatik müstəvidə istifadə etməyə çox çalışsa da, heç bir nəticə əldə edilmədi.

Çoxsaylı səbəblər arasında Ermənistanın qarabağlı erməni separatçılarını onillər boyu idarə etməsi, maliyyələşdirməsi və s. var.

Bu faktları gizlətmək mümkün deyil.

Məsələn, bu gün Ermənistan hökuməti bəyan edib ki, Xankəndindəki sabiq separatçı xuntanın Ermənistandakı müxtəlif banklar qarşısındakı kredit öhdəlikləri, habelə qarabağlı ermənilərin kredit borcları ölkədəki kommersiya bankları ilə hökumət arasında bölüşdürüləcək.

Söhbət 315 milyard dramdan, yəni təqribən 780 milyon dollardan gedir.

N.Paşinyanın qərarına görə, Ermənistan höküməti müvafiq borc istiqrazları buraxaraq bu borcun 225 milyrad dramını (təqribən 0,5 milyard dollar) ödəyəcək.

Eyni zamanda, uzun illər boyu İrəvandan Xankəndindəki xuntaya ayrılan maliyyə vəsaitinin hansı məqsədlərlə və necə sərf edildiyi də araşdırılır.

Bakı kimi, Ankara da Ermənistanla normal münasibətlərdə maraqlıdır, lakin bunun üçün rəsmi İrəvan adekvat addımlar atmalı, sülh sazişini imzalamalı, şərti dövlət sərhədinin demarkasiya və delimitasiyasına bir an əvvəl başlamalı, regional kommunikasiyaların açılması və yeni marşrutların işə salınması üçün hərəkətə keçməlidir. Eyni zamanda, Azərbaycanın hələ dlə erməni işğalında qalan 8 kəndi azad edilməli, Zəngəzur dəhlizi layihəsi ilə bağlı İrəvan inadkar etirazlarına son qoymalıdır.

Bütün hallarda, hətta kollektiv Qərbin təzyiq cəhdlərinin və destruktiv fəaliyyətinin artacağı situasiyada belə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanarsa, Ermənistanla Türkiyə arasındakı münasibətlər normallaşarsa Cənubi Qafqazda 40 ildən bəri səbrsizliklə gözlənilən dayanıqlı sülh, inkişaf və tərəqqi, əməkdaşlıq və tərəfdaşlıq mühiti yarana bilər.

Bölgə mütləq şəkildə yeni geosiyasi mexanizmlərlə formatlar yaranmalı, gərginlik dinamikası aşağı düşməli, risklər aradan qaldırılmalıdır.

Təbii, bütün bunlara qarşı çıxan və radikal mövqe tutan güclər geri çəkilməyəcəklər.

Lakin sülhdən və normal münasibətlərdən başqa yol yoxdur.

Alternativ bölgədə yeni qarşıdurmaların yaranmasıdır.

Elçin Alıoğlu TREND