Colinin Azərbaycan isterikası - Marionet dövlət nazirinin "maralni" sarsaqlaması
Bir xalqı məhv edib, soyqırımı törədərək yaranan ölkənin Azərbaycanı etnik təmizləmədə ittiham etməsinə nə reallıq, nə də tarixi həqiqətlər icazə verər.
Kanadanın xarici işlər naziri Melani Coli ötən günlərdə Ermənistana səfər edib və erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında Azərbaycana qarşı əsassız ittihamlar səsləndirərək, Bakını sanksiyalarla hədələyib.
Hazırda bölgədə heç bir humanitar böhran olmadığı halda, kanadalı nazir bunun əksi olduğunu iddia edib. Görünən odur ki, Kanada proseslərdən bir qədər geri qalıb və Ermənistanın daha öncə yaratdığı "humanitar böhran" şousuna indi dəstək olmağa çalışır. Fransa, ABŞ, ümumi olaraq Avropa Birliyindən sonra Ermənistanın yalanlarına dəstək verməsi, onu göstərir ki, sanki bir anda yuxudan ayılıb, özünü ortaya atır ki, "mən də varam". Ehtimal ki, keçmişdə baş verənləri görməzdən gəlmək Kanada siyasətinin özəyini təşkil edir. Əks təqdirdə Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş azərbaycanlıları unudub, yox sayaraq, Azərbaycan torpaqlarında qanunsuz məskunlaşan, Ermənistan pasportuna sahib ermənilərə "qaçqın" kimi yanaşmazdı.
Kanadanın keçmiş ləkəli tarixini bilməyən düşünə bilər ki, siyasətdən, diplomatiyadan anlayışı olmadığı kimi, "qaçqın", "məcburi köçkün" məfhumlarının nə mənaya gəldiyindən də, kimlərə şamil olunduğundan da xəbərsizdir.
Reallıq isə ondan ibarətdir ki, yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılan Kanada bu məfhumların mənasını çox gözəl bilir. Lakin Ermənistan kimi oxşar qanlı keçmişə malik olması, əlində günahsız insanların qanının olması, yerli əhalini torpağından didərgin salıb öldürməsi onun necə xislətə malik olmasını göstərir. Bu səbəbdən adekvat, doğru fikir səsləndirə bilmir. Çünki Kanada bunu normal qəbul edir və doğru hesab edir.
M.Colinin Azərbaycana qarşı əsassız iddialar səsləndirməsinə gəldikdə isə, bu ifadələr də daha öncəkilər kimi cəfəngiyyatdır. Hər şeydən öncə tarixə uşaq ölümləri ilə düşən Kanadanın Azərbaycanı etnik təmizləmədə ittiham etməsi üçün mənəvi hüququ yoxdur. İlki 1840-cı ildə Kanada hökuməti adından Katolik Kilsəsi tərəfindən açılan, sonuncusu isə 1997-ci ildə bağlanan kilsə internat məktəbləri 150 mindən çox yerli uşağın zorla tutulduğu yerlər kimi anılır.
Ağdərili çoxluğun hakim olduğu icmalara "inteqrasiya olunmaq üçün" ailələrindən və mədəniyyətlərindən zorla uzaqlaşdırılan yerli uşaqların əksəriyyətinin pis rəftar, aclıq və soyuğa, cinsi və fiziki zorakılığa məruz qaldığı iddia edilib. Hətta bəzi uşaqlar üzərində tibbi təcrübələr də aparılıb. 2008-ci ildə Kanadada kilsə internat məktəblərində baş verən faciənin bütün miqyasını üzə çıxarmaq üçün Həqiqət və Barışıq Komissiyası yaradılıb.
Sağ qalan qurbanların 6 mindən çoxunu dinləyən Komissiya 2015-ci ildə işini tamamlayıb və baş verənləri "mədəni soyqırımı" olaraq xarakterizə edən 4 min səhifəlik hesabat dərc edib.
Bu cür faktlar qarşısında onun nəinki Azərbaycana qarşı fikir səsləndirməsinə, hətta demokratiya və etikadan danışmağa belə haqqı yoxdur. Siyasətdən danışmasına gəlincə, adi coğrafi bilikləri belə olmayan, Azərbaycanın regionda hansı gücə və mövqeyə sahib olduğunu belə bilməyən, dərk etmək istəməyən nazirdən siyasi səriştə gözləmək absurd olar. Belə səriştəyə sahib olsaydılar, ilk növbədə ABŞ-nin "marionetka"sı olub təzyiq vasitəsi kimi istifadə edildikləri vəziyyətdən çıxmağa çalışardılar.
Amma onlar nə edir? Sırf özlərini oyunçu, "siyasi səriştə, söz və mövqe sahibi" ölkə olaraq göstərəcəklər deyə uran ehtiyaclarını qarşılamaq üçün asılı olduqları ölkəyə - Azərbaycana qarşı sərsəm fikirlər səsləndirirlər. Bütün bunlar Kanadanın hansı siyasətə, ağıla, səriştəyə malik olmasını göz önünə sərir.
Bir xalqı məhv edib, soyqırımı törədərək yaranan ölkənin Azərbaycanı etnik təmizləmədə ittiham etməsinə nə reallıq, nə də tarixi həqiqətlər icazə verər. Daha öncə Azərbaycana qarşı qərəzli, birtərəfli fikirlər səsləndirən ölkələrin planları həqiqətlər qarşısında iflasa uğradı. Kanada da bu aqibətdən qaça bilməyəcək, öz payına düşəni alacaq. Humay Ağacanova TREND