Direktor bəraət alaraq azadlığa çıxdı - Evi özünə qaytarıldı
Külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il həbsə məhkum edilən "Zövq" MMC-nin direktoru Rza Əhmədov azadlığa buraxılıb.
meqale.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi R.Əhmədovun şikayətinə baxıb.
Prosesin yekununda R.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilərək ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Bununla yanaşı, biznesmenin 4 otaqlı mənzilinin üzərinə qoyulmuş həbs və xüsusi müsadirənin təmin edilməsi üzrə görülmüş tədbirlər ləğv olunub və həmin əmlak həbsdən azad edilib.
Qeyd edək ki, bir neçə il əvvəl Dövlət Sərhəd Xidməti (DSX) R.Əhmədov barəsində hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Həmin vaxt bildirilmişdi ki, 342 min manatlıq tenderin qalibi olmuş "Zövq" MMC-nin direktoru Rza Əhmədov üzərinə düşən öhdəliyi yerinə yetirməyib. Belə ki, Rza Əhmədovla DSX arasında 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalanıb. Həmin geyimlər tikilsə də, DSX yararsız olduqlarını əsas gətirərək qəbul etməyib.