Ərdoğan: “Şara ilə hər mövzuda həmfikirik”
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya Prezidenti Əhməd Şara ilə ikitərəfli görüşdən və heyətlərarası işçi naharından sonra keçirilən birgə mətbuat konfransında çıxış edib. O, "Suriya xalqının nələrə qadir olduğunu gələcəkdə qürurla görəcəyik" deyə qeyd edib.
Ərdoğan, Suriya Prezidenti Şaranı Ankarada qəbul etməkdən böyük məmnuniyyət duyduğunu ifadə edərək belə deyib: "Suriya xalqı 13,5 il ərzində hər cür zülmə məruz qaldı. Kimyəvi silah istifadəsi daxil olmaqla, hər cür qeyri-insani qətliamlarla üzləşdi. Təəssüf ki, təxminən 1 milyon suriyalı qardaşımız keçmiş rejimin və terror təşkilatlarının hücumları nəticəsində şəhid oldu. Milyonlarla qardaşımız isə evlərini, yurdlarını, doğulduqları torpaqları tərk etmək məcburiyyətində qaldı. Amma bütün bunlara baxmayaraq, Suriyanın igid övladları zalım rejimə və onun dəstəkçilərinə qarşı mübarizədən heç vaxt vaz keçmədilər. Nəhayət, 8 dekabr etibarilə qələbə Suriya xalqının oldu. Əvvəlcə əziz qardaşım Əhməd Şaranı və onun timsalında bütün Suriya xalqını mübarizələri və qələbələrindən dolayı bir daha təbrik edirəm. Bu fürsətlə Suriyanın azadlıq mübarizəsində şəhid olan bütün qardaşlarımıza uca Allahdan rəhmət diləyirəm."
"Bu səfəri daimi dostluq dövrünün başlanğıcı kimi görürəm"
Ərdoğan, 13 illik qan və göz yaşından sonra yalnız Suriyada deyil, bütün bölgədə yeni bir səhifənin açıldığını bildirərək belə deyib: "Suriya xalqı artıq öz gələcəyini müəyyən etmək üçün zəruri iradəyə sahibdir. Türkiyə olaraq necə ki, ən ümidsiz və çətin günlərində suriyalı qardaşlarımızı tək qoymadıq, yeni dövrdə də onlara lazım olan dəstəyi verəcəyik. Bunu dəyərli qardaşıma və heyətinə də çox açıq şəkildə ifadə etdim. Bu gün tarixi əhəmiyyət daşıyan səfəri ölkələrimiz arasında daimi dostluq və əməkdaşlıq dövrünün başlanğıcı kimi görürəm. Münasibətlərimizi yenidən strateji səviyyəyə qaldırmaq üçün bütün qurum və təşkilatlarımız son iki aydır gərgin fəaliyyət göstərir. Məlum olduğu kimi, yeni hökumətin xarici işlər nazirini də 15 yanvarda qəbul etmişdim. Qarşıdakı dövrdə qarşılıqlı səfər və təmaslarımızın, inşallah, daha da intensivləşəcəyinə inanıram."
"Hər mövzuda tam bir fikir birliyində olduğumuzu gördüm"