Erməni spiker Rusiyaya verilən nota barədə: Qoy, gələn dəfə iki dəfə düşünsünlər
Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya səfirinin XİN-ə çağırılmasına münasibət bildirib.
meqale.com APA-ya istinadən bildirir ki, Alen Simonyan jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfirinin Xarici İşlər Nazirliyinə çağırılması məsələsinə toxunub.
Onun sözlərinə görə, Ermənistan heç vaxt Rusiya ilə münasibətlərdə özünü müttəfiq və ya tərəfdaş olmayan tərəf kimi göstərməyib.
Simonyan qeyd edib ki, Rusiyanın "Birinci kanal"ında yayımlanan, səfirin XİN-ə çağırılmasına səbəb olan verilişdə Ermənistanın yüksək rütbəli məmurlarının ünvanına təhqiramiz ifadələr işlədilib və bu tip verilişin hazırlanması ilk belə hal deyil.
Ermənistan parlamentinin sədri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatını, təbliğatla məşğul olan məşhur şəxslərin açıqlamalarını və təhqirlərini də xatırladıb.
Simonyan bildirib ki, bu cür addımlar Ermənistan cəmiyyətində əks effekt yaradır.
"Qoy, gələn dəfə belə bir addım atmamışdan əvvəl iki dəfə düşünsünlər", - Simonyan vurğulayıb.