Ermənistandakı erməni qaçqın ola bilərmi?
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı tərk etmiş qarabağlı ermənilərə "qaçqın" statusunun verilməsi ilə bağlı qərar imzalayıb
Ermənistanın hakimiyyət dairələrinin və xüsusilə də İrəvandakı siyasi analitiklərin dediklərinə görə, bu qərarın səbəbi Azərbaycanı tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərə sonradan üçüncü ölkələrdə leqal status əldə etməyə zəmin yaratmaqdır.
Amma bütün bunlar həddən artıq paradoksal və beynəlxalq hüquqa zidd istəklərlə əməldir.
Səbəblər sadədir.
Azərbaycanda yaşamış və bir hissəsi hələ də yaşayan qarabağlı ermənilərin istisnasız olaraq hamısı Ermənistan pasportu daşıyıblar və indi də həmin pasportdan imtina etməyiblər.
Beynəlxalq hüquq baxımından ölkəmizin ərazisində qanunsuz yaşayan miqrant statuslu bu şəxslər Ermənistana gedəndən sonra heç bir halda qaçqın sayıla bilməzlər.
Hüquqi baxımdan onlar qanunsuz yaşadıqları Azərbaycanı tərk edərək vətənlərinə qayıdıblar: belədə hər hansı qaçqın salınmadan söhbət gedə bilməz.
Ermənistana on minlərlə ölkə vətəndaşı qayıdıb: qayıdışdan sonra müxtəlif yerlərdə məskunlaşanlara qaçqın statusunun verilməsi beynəlxalq hüquq baxımından nonsensdir.
Nikol Paşinyanın və onun komandasının sırf siyasi, maliyyə və iqtisadi maraqların təminatı üçün yararlanmaq niyyətində olduqları qarabağlı ermənilərin əksəriyyəti Ermənistanda qalmaq istəmirlər. Təqribən 5 min nəfər qarabağlı erməni artıq Ermənistanı tərk edərək müxtəlif olkələrə üz tutublar.
Onların yeni statuslarının leqallaşdırılması üçün İrəvandakı hakimiyyətin tələsik "qaçqın" statusunu paylaması isə Paşinyan iqtidarının növbəti hüquqi bisavadlığı və siyasi konyukturdan istifadə etmək niyyətinin göstəricisidir.
Bütün bunlarla yanaşı, Xankəndindəki sabiq separatçı xuntanın rəhbərləri və "funksioner"ləri indiyədək dəfələrlə bəyan etmişdilər ki, "10-12 min nəfərlik silahlı qüvvələrə malikdirlər". Yəni qarabağlı separatçı ermənilərdən və Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçularından ibarət bu dəstələr Azərbaycan ərazisində diversiyalar, hücumlar və terrorla məşğuldular.
Həmin şəxslər tərksilah olaraq Azərbaycanı tərk ediblər. Beləliklə, minium rəqəmləri nəzərə alsaq, 10 min silahlı erməni və onların əqn azı 30 min nəfərlik ailə üzvləri artıq 40 min nəfər edir.
Haqlarında bəhs edilən 40 min nəfər aksiomatik olaraq "qaçqın" sayıla bilməzlər.
Azərbaycan ərazilərinin 20 faizinin 31 il davam etmiş işğalı zamanı Ermənistan hakimiyyət dairələri nəzarətdə saxladıqları torpaqlarımızda demoqrafik situasiyanı süni şəkildə dəyişməyə çalışırdılar. Bu məqsədlə çoxsaylı yerləşdirmə və məskunlaşdırma proqramları həyata keçirilib. Ermənistanla yanaşı, dünyanın müxtəlif ölkələrindən işğal dönəmində Azərbaycan ərazilərinə yerləşdirilmiş ermənilərin sayı hazırda 26 min nəfərdən artıqdır.
Təbii ki, onlar da indi Ermənistanda "qaçqın" və ya "məcburi köçkün" sayıla bilməzlər.
Yerdə qalan qarabağlı ermənilərin də beynəlxalq hüquq baxımından qaçqın hesab edilmək üçün heç bir şansı yoxdur.
Azərbaycanı tərk edən qarabağlı ermənilərin hamısı Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsində Ermənistan pasportu göstəriblər.
Ermənistana getmiş Ermənistan vətəndaşının Ermənistanda qaçqın sayılması Paşinyan hakimiyyətinin yeni tragifarsıdır.
Rəsmi İrəvanın bu yeni paradoksal, hətta marazmatik təşəbbüsünün bir məqsədi var: qaçqınların sayının mümkün qədər çox göstərərək bir sıra dövlətlərdən və beynəlxalq təşkilatlardan maliyyə yardımları almaq, sonra da həmin pulları rahatlıqla mənimsəmək.
Nikol Paşinyan yeni oyuna başlayıb.
Hüquqa, məntiqə qarşı olan bu oyun maliyyə vəsaiti uğrunda didişmə olsa da, uğursuz ssenari təsiri bağışlayır.
Elçin Alıoğlu TREND