Fransız şirkəti İŞİD-i maliyyələşdirir? - Qalmaqallı iddia

Fransanın sement istehsal edən "Lafarge" şirkəti İŞİD terrorçu təşkilatını maliyyələşdirməkdə ittiham olunur.

Fransız şirkəti İŞİD-i maliyyələşdirir? - Qalmaqallı iddia
Fransanın sement istehsal edən "Lafarge" şirkəti İŞİD terrorçu təşkilatını maliyyələşdirməkdə ittiham olunur.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Məlumata görə, bu, ABŞ vətəndaşlığına malik yüzlərlə yezidinin bu şirkətə qarşı irəli sürdüyü iddiada əksini tapıb. İddiaçıların əksəriyyəti İŞİD-in 2014-cü ildə İraqda təşkil etdiyi yezidi qırğınının qurbanı olub.

İddiada qeyd olunub ki, "Lafarge" İŞİD-in beynəlxalq terrorçuluq aktlarına "yardım və təhrikçiliyə" görə təzminat ödəməlidir. Şirkət İŞİD və onun vasitəçiləri ilə əlbirlikdə ittiham olunur.

Qeyd edək ki, hələ 2022-ci ilin oktyabrında şirkət İŞİD-ə və "Cəbhət ən-Nüsra" terror qruplaşmalarına təqribən 6 milyon dollar vəsait ödəməkdə ittiham olunub. Bu vəsaitlər Şimali Suriyada həmin dövrdə döyüşçülər tərəfindən nəzarət olunan zavodun fəaliyyətinin davamını təmin etmək üçün "aylıq ianələr" formasında ayrılıb. Nəticə olaraq şirkət 777,78 milyon dollar cərimə ödəyib.

Bu, Fransanın terrorizmin maliyyələşdirilməsi ilə əlaqədar qalmaqallarda adının çəkildiyi ilk hal deyil. Fransanın ASALA terror təşkilatı ilə əlaqəsi barədə kifayət qədər yazılıb.

Məlum olduğu kimi, ASALA Beyrutda 1975-ci ildə Aqop Akopyan tərəfindən yaradılıb. Təşkilat türk diplomatlarına qarşı bir neçə terror aktı törədib. 7 il ərzində Livan ASALA üçün ən sevimli yer olub və təşkilat burada genişlənib. Lakin 1982-ci ildə Beyrut İsrailin nəzarəti altına keçdikdən sonra təşkilat çökməyə başlayıb. Hər cür dəstəyi itirən terror təşkilatı Yaxın Şərqi tərk etmək məcburyyətində qalıb. Həmin vaxt Fransa təşkilata sığınacaq verməklə kömək edib.

Təşkilat bütün infrastrukturunu Livandan Fransaya köçürüb. Lakin Fransa və ASALA-nın "bal ayı" uzun sürməyib. Erməni terrorçular Orli hava limanında terror aktı törətməklə Fransaya xəyanət ediblər. Terror aktından sonra təşkilat ölkədən kənara çıxarılıb, onun başçılarından biri olan Monte Melkonyan isə həbs olunub. Bir qədər sonra Akopyan Avropada qətlə yetirilib, "hakimiyyət" Monteyə keçib. Birinci Qarabağ müharibəsi qızışanda Fransa hökuməti Monteni azad edib. Lakin Qarabağ onun məzarı olub, ASALA isə 1994-cü ildə dağılıb.