Güləşçilərimiz Vətənə qayıtdı - FOTO
Avropa çempionatında 2 qızıl, 1 bürünc medal qazanan qadın güləşi üzrə Azərbaycan millisi vətənə qayıdıb.
İdman.biz xəbər verir ki, 83 xalla komanda hesabında 4-cü yeri tutan yığmamızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının nümayəndələri, məşqçilər və idmançılar qarşılayıblar.
Buxarestdə keçirilən yarışda yalnız Ukrayna (147), Türkiyə (142) və Rumıniyadan (101) geri qalan millimiz medalların əyarına görə Avropa çempionatlarında son 8 ilin, xallara görə son 6 ilin, komanda sıralamasına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, komandamız 10 çəkidən yalnız 5-ində təmsil olunub. Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qızıl, Elis Manolova (65 kq) isə bürünc medal qazanıb.