"Sabah" əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıb - YENİLƏNDİ
"Sabah" UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.
Bakı klubu buna II raundun cavab oyununda Bakıda Latviyanın RFŞ komandasını 2:1 hesabı ilə məğlub etməklə nail olub. İlk qarşılaşmada rəqibinə 2 cavabsız qolla qalib gələn Murad Musayevin baş məşqçi olduğu kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.
Cavab oyununun ilk hissəsində qapılara top vurulmayıb. Əvəzində 34-cü dəqiqədə qonaqların hücumçusu Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Hesab isə 67-ci dəqiqədə açılıb. Yanus İkauniyeks qonaqları önə çıxarıb. Buna baxmayaraq, "Sabah" məğlubiyyətdən xilas ola bilib. Cəmi 10 dəqiqə sonra fərqlənən Coy Lens Mikels tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə isə Emanuel Apeh yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, "Sabah" III təsnifat mərhələsində Serbiya "Partizan"ı ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.
--------
21:43
Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda 2-ci qol vurulub.
meqale.com xəbər verir ki, Bakı klubunun hücumçusu Coy Lens Mikels 77-ci dəqiqədə hesabı bərabərləşdirib.
--------
20:58
Bakıda "Sabah" və Latviyanın RFŞ kollektivləri arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda ilk hissə başa çatıb.
meqale.com xəbər verir ki, komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
34-cü dəqiqədə qonaqlar azlıqda qalıblar. Andrey İliç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
-------
20:15
Bakıda "Sabah" və Latviyanın RFŞ komandaları arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu start götürüb.
meqale.com xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.
Görüşü isveçrəli FİFA referisi Fedayi San idarə edir.
Qeyd edək ki, ilk matçda "Sabah" 2:0 hesablı qələbə qazanıb.