Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Xarici təsirin şəffaflığı haqqında" qanunu imzalayıb.
meqale.com APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstan parlamenti yayıb.
Bununla da Gürcüstanda mübahisəli qanun layihəsi qüvvəyə minib.
Parlament sədri Şalva Papuaşvili bildirib ki, qanunun əsas məqsədi Gürcüstanın siyasi, iqtisadi və sosial sistemlərinin xarici müdaxilələrə qarşı dayanıqlılığını gücləndirməkdir.
"Bu gün qanun layihəsini imzaladım. Qanunun yanaşması sadə və aydındır. Qeyri-hökumət təşkilatları və media xarici hökumətlərin maliyyəsi ilə qərarların qəbulu prosesində iştirak etmək və gürcü xalqının həyatına təsir etmək istəyirsə, minimum şəffaflıq standartına cavab verməlidir - əhali hər bir aktorun arxasında kimin dayandığını bilməlidir", - Papuaşvili deyib.
Qanun layihəsinə əsasən büdcəsinin 20%-dən çoxu ölkə xaricindən maliyyələşən qeyri-kommersiya təşkilatları, media orqanları "xarici qüvvənin maraqlarını həyata keçirən" təşkilat kimi reyestrdən keçməli və hər il maliyyə bəyanatı dərc etməlidir. Reyestrdən keçməkdən yayınmaya və ya maliyyə bəyanatı verməməyə görə 25 min lari (təxminən 15 min manat) cərimə nəzərdə tutulur.