Harutyunyan bu iddiaları yalan adlandırdı
Xəbər verildiyi kimi, fevralın 6-da Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış iclası başlayıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, hakim təqsirləndirilənə müraciətini səsləndirməyə icazə verib.
A.Harutyunyan çıxış edərək hazırda baxılan cinayət işi üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan adlandırıb:
"Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var.
Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar. Təşəkkür edirəm".
Daha sonra prokurorlar növbə ilə ittiham aktının nəticəvi hissəsinin elanına başlayıb.
İttiham aktına istinadən qeyd olunub ki, Ermənistan dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə cinayətkar birlik yaradılıb.
Daha sonra təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin həmin cinayətkar təşkilatın yaradılmasında və fəaliyyətində rolları elan olunub.
Məhkəmə iclası fevralın 7-də davam etdiriləcək.