Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verildi - FOTO
Heydər Əliyev Fondunun inşa etdiyi 500-cü məktəb istifadəyə verilib.
meqale.com xəbər verir ki, yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib.
Fondun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində 2004-cü ildən etibarən 500 məktəb inşa və təmir olunub.
Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məktəbdə yaradılan şəraitlə tanış olublar.
Anar Ələkbərov şagirdlər və valideynlərlə görüşüb, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın salamlarını çatdırıb, yeni məktəb binasında şagirdlərin yaxşı oxumaları üçün hər cür şərait yaradıldığını bildirib. O, şagirdlərə yaradılan bu şəraitdən istifadə edərək, yaxşı oxumağı tövsiyə edib.