İmişlidə toyda zəhərlənənlərin sayı 55 nəfərə çatdı - prokurorluq hərəkətə keçdi - YENİLƏNİB
23:23
Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
Zəhərlənmənin səbəbini müəyyənləşdirmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə evdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin olunub, zəruri prosessual hərəkətlər icra edilib.
Hazırda zərərçəkənlərin müalicəsi davam etdirilir.
-------- 22:42 İmişlidə toyda zəhərlənənlərin sayı artıb.
TƏBİB-dən bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 53 nəfər (4-ü uşaq olmaqla 21-i kişi, 3-ü uşaq olmaqla 32-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər (kişi cinsli) iltizamnaməsi alınaraq ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir".
--------- 21:01
İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb.
Bunu "Report"un Muğan bürosuna İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib.
"Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə - botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb", - şöbə müdiri bildirib.
Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət edib.