"İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib"

İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb.

İşğal dövründə 54 min hektardan artıq meşə sahəsi məhv edilib. Meşələrin bərpası ilə bağlı proqram hazırlanıb və meşəbərpa işlərinin sürətlə aparılması üçün imkanlarımız var. Əlbəttə ki, bu proses minatəmizləmə planı ilə uzlaşdırılmalıdır. Artıq Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında təmizlənmiş sahələrdə bu işlərə başlanılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisdə "Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri" mövzusunda ictimai dinləmədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir qeyd edib ki, digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə meşə fondu torpaqlarının hüdudlarının, eləcə də meşələrin növ tərkibinin, yaş qruplarının və ehtiyatlarının müəyyən edilməsi məqsədilə inventarlaşdırma işlərinə zərurət vardır.

"Bu günə kimi regiondakı 260 min hektar ümumi meşə fondu sahəsindən yalnız Zəngilan rayonu ərazisində uzaqdan zondlama üsulu ilə cəmi 19 min hektarda meşə quruluşu işləri aparılmışdır. Meşə quruluşu işlərinin yekunlaşdırılması və bu ərazilərdə mühafizə tədbirlərinin, eləcə də idarəetmənin təşkili olduqca əhəmiyyətlidir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpa edilməsi də prioritetlərdən biridir. Bunun üçün dövlət təbiət qoruqlarının və yasaqlıqların sərhədlərinin müəyənləşdirilməsi, oradakı təbiət obyektlərinin inventarlaşdırılması və lazımi mühafizə tədbirlərinin görülməsi zəruridir", - deyə nazir bildirib.

O qeyd edib ki, "Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı Qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib, əsasnaməsi və xəritəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunub.

"Qoruq ərazisində bioloji müxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə alimlərin iştirakı ilə məhdud ərazilərdə çöl-tədqiqat işləri aparılmış, flora və faunanın mövcud vəziyyəti araşdırılmışdır. 107 hektar sahəsi olan Təbiət Qoruğunun ərazisinin yarısında Şərq çinarları və digər ağaclar məhv olmuş, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulmuşdur. Lakin Qoruq ərazisində mina və partlamamış hərbi sursat təhlükəsi baxımından çöl-tədqiqat və təbiət obyektlərinin inventarlaşdırılması işlərinin yekunlaşdırılması, bu işlərə beynəlxalq ekspertlərin cəlb olunmasında gecikmələr var.

Sözsüz ki, Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqlarında, eləcə də Qubadlı, Arazboyu, Laçın və Daşaltı Dövlət Təbiət yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemin bərpası uzunmüddətli bir prosesdir. İşğal dövründə baxımısız qalmış bu ərazilərdə idarəetmənin qurulması, biomüxtəlifliyinin öyrənilməsi və fəaliyyətinin yenidən təşkil edilməsində mina təhlükəsi ilə bağlı çətinliklər vardır. Bu səbəbdən digər xüsusi mühafizə olunan təbiət ərazilərində bu işlər növbəti mərhələdə nəzərdə tutulur.