İsrail İrana zərbə vura bilər? - HƏMAS-ın gizli planı üzə çıxır
İsrail qəfil hücuma məruz qalıb. İki gün ərzində ümumilikdə mindən çox insan ölüb, xeyli yaralı var. İlk baxışda əməliyyat kimi görünən prosseslər müharibəyə çevrilib. İlk həmlə isə Qəzza zolağından olan radikallar oktyabrın 7-də səhər saatlarında İsrail ərazisinə raket zərbələri endirməsi olub.
Bəzi nəşrlər iddia edir ki, bu məsələdə İranın əli var. Həmas qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etməsi bu iddiaları daha da gücləndirib. Hücumun baş verdiyi gün İranın paytaxtı Tehranda atəşfəşanlıq edilməsi, parlamentdən çəkilən görüntülər də şübhələri İranın üzərinə yönəldir.
Belə olan halda İsrail İrana zərbə vura bilər?
Məsələ ilə bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, Həmas qruplaşmasına da elə bu lazımdır. Onun dediyinə görə məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir.
"Həmas qruplaşmasının liderlərinin İsrailə hücumdan dərhal sonra İrana təşəkkür etmələri hiyləgər gedişdir. Həmas İsrailin intiqamının ağır olacağını anladığından müharibənin Qəzza bölgəsini aşmasını və İranın işin içində daha fəal müdaxiləsində maraqlı olub. Əlbəttə, İranın Həmas qruplaşmasına silah və sursat göndərdiyi sirr deyil, ancaq Tehran heç zaman bunu açıq şəkildə etiraf etməyib. Həmas liderləri isə İsrailə dolayı mesaj veriblər ki, onlar İranın dəstəyi ilə İsrailə hücum ediblər. İsrailin İrana zərbə vuracağı istisna deyil. Həmas qruplaşmasına da elə bu lazımdır. Məqsəd müharibənin alovlanması və daha çox iştirakçının İsrailə zərbə endirməsidir", - o fikrini yekunlaşdırıb.