İsrail universitetlərində buna görə tədris təxirə salındı
İsrail universitetlərində tədris ehtiyatda olan əsgərlərin çağırışı başa çatana qədər təxirə salacaq.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə İsrail Universitet Rektorları Komitəsi məlumat yayıb.
Bildirilib ki, universitetlərdə dərslər dekabrın 3-dən tez başlamayacaq.
Qeyd edək ki, oktyabrın 15-də başlamalı olan payız semestri noyabrın 5-nə təxirə salınmışdı.
Komitə bildirib ki, 360 000-ə yaxın İsrail ordusunun ehtiyatda olan hərbi qulluqçusu çağırışa qoşulub ki, onların arasında minlərlə tələbə və universitet işçiləri var. Bütün universitet tələbələrinin təxminən 30%-i hazırda xidmət edənlər arasındadır.
"Qış semestri bütün tədqiqat universitetlərində ehtiyata çağırılanlar buraxılmağa başlayanda başlayacaq. Semestr başlamazdan iki həftə öncədən xəbərdarlıq ediləcək", - Komitənin bəyanatında deyilir.
O da bildirilib ki, universitet sistemi hələ də iki semestrlik tam tədris ilini hədəfləyəcək və buna görə də ikinci semestrin yayda davam edəcəyi gözlənilir, lakin bunun tam olaraq necə həyata keçiriləcəyi ayrı-ayrı universitetlərin öhdəsinə buraxılacaq.