“İstisu” mineral suyu yenidən istehsal edilir - FOTO

Kəlbəcərin məşhur "İstisu" mineral suyu yenidən istehsal edilir.

“İstisu” mineral suyu yenidən istehsal edilir - FOTO
Kəlbəcərin məşhur "İstisu" mineral suyu yenidən istehsal edilir.

meqale.com Trend-ə istinadən xəbər verir ki, mənbəyini Azərbaycanın Kəlbəcər rayonunun mənzərəli dağlıq bölgəsində, dəniz səviyyəsindən 1600 metrdən çox yüksəklikdə yerləşən termal su yataqlarından götürən və təbii halda 60°C-dən yuxarı temperaturda çıxan "İstisu" mineral suyu regionun minerallarla zəngin nadir suyu kimi xarakterizə olunur. 1976-cı ildən etibarən istehsalına başlanılan "İstisu" mineral suyu geniş coğrafiyada şöhrət tapıb. Lakin torpaqlarımızın Ermənistan tərəfindən işğalı ilə əlaqədar 30 il ərzində "İstisu" təbii mineral suyunun istehsalı dayanmışdı.

Artıq "İstisu" mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edir.

"İstisu" mineral su zavodu müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın "Krones" şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

Zavodda istehsal olunan su həm keyfiyyəti, həm də müasir standartlara cavab verməsi ilə seçilir. Beynəlxalq təsnifat meyarlarına görə, Kəlbəcər rayonunda yerləşən təbii mineral su "İstisu" - natrium bikarbonat və sulfatla zəngin mineral su kimi təsnif edilir. Tərkibində olan kalsium, maqnezium, bikarbonat, sulfat və digər faydalı elementlər orqanizmə müsbət təsir göstərir.

"İstisu" təbii mineral suyu, eyni zamanda, yerli və beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verir. Belə ki, mineral su AZS 216-2006, İSO 9001:2015 və İSO 22000:2018 standartlarına uyğun olaraq sertifikatlaşdırılıb.

İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir.