Laçın şəhəri və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olundu - FOTOlar

17:38 Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Laçın şəhəri və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olundu - FOTOlar
17:38 Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə və Zabux kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

meqale.com AZƏRTAC-a istinadən bildirir ki, Laçın bu gün 24 ailəyə qucaq açıb. Ailələr Laçında qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.

Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, "Laçın Abadlıq Xidməti" ASC-nin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Ailələr sevinc hissi ilə açarları təhvil alıb və evlərində məskunlaşıblar.

Beləliklə bu gün 20 ailə olmaqla, 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla, 11 nəfər Zabux kəndinə köçüb.

Bununla da Laçın şəhərində 451 ailənin, yəni 1705 nəfərin, Zabux kəndində isə 211 ailə olmaqla, 808 nəfərin daimi məskunlaşması təmin edilib.

--------- 07:57 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı fevralın 28-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 78 nəfər, Zabux kəndinə 4 ailə - 11 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 451 ailə, yəni 1705 nəfər, Zabux kəndinə 211 ailə, yəni 808 nəfərin daimi məskunlaşması təmin edilib.