Məscidlərimizdə donuz saxlayanlar narahatdır - Xankəndi yenidən qurulur
44 günlük müharibə və ondan sonrakı proseslərin nəticəsi olaraq ərazi bütövlüyümüzün təmin olunmasından sonra azad olunmuş ərazilərimdə yenidənqurma, bərpa işləri həyata keçirilir. Sürətlə həyata keçirilən bu işlər göz qabağındadır, artıq minlərlə insan doğma yurduna qayıdıb. Artıq söküntü-bərpa işləri Xankəndidə də həyata keçirilir ki, bu da erməniləri qıcıqlandırmağa başlayıb. Onlar buna hətta siyasi don geyindirməyə də başlayıblar.
Bir neçə gün əvvəl qondarma "Artsax"ın parlament binasının sökülməsinə dair görüntülər yayılıb. Hansı ki, Ermənistan parlamentinin spikeri Tiqran Torosyan bu binanı "Dağlıq Qarabağ Respublikası"nın ayaqda olduğunu göstərən növbəti sübut" və "gözəl hadisə" adlandırmışdı. Qeyd edim ki, ümumi sahəsi 1 350 kv.m olan bu binanın açılışı separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü, yəni 2 sentyabr 2007-ci ildə olub. Binanın tikintisi zamanı külli miqdarda mənimsəmə olub. Buna dair faktlarda qeyd olunur ki, binanın tikintisinə 2006-cı ildə 586 min ABŞ dolları ayrılıb, amma bu vəsait "bəs olmayıb", ona görə 2007-ci ildə əlavə 985 min ABŞ dollarına qədər pul ayrılıb. Hətta, binanın tikintisinin yekunlaşması üçün sponsorlardan da vəsait götürülüb.
Sökülən binalardan digəri isə yuxarıdan baxdıqda xaç işarəsini xatırladan 3 mərtəbəli binadır. Xankəndinin mərkəzində yerləşən bu binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub. Mərasimdə Ermənistan prezidenti Serj Saqsyan və qondarma rejimin rəhbəri Bako Saakyan iştirak ediblər. Tikili ilə bağlı diqqət çəkən məqam odur ki, binanın açılışı qəsdən Şuşa şəhərinin işğalının növbəti ildönümü gününə təyin olunub. Binanın tikintisi separatçı rejimin "müdafiə nazirliyinin" dəstəyi və erməni diasporunun ən varlı nümayəndələrindən biri, 2014-cü ildə maliyyə fırıldaqlarına görə Rusiyada həbs olunmuş və həbsxanada vəfat etmiş Levon Ayrapetyanın xeyriyyə fondu, işğal olunmuş ərazilərə külli miqdarda "investisiya" qoymuş VALLEX-qrup, Moskva, Stavropol şəhərlərindəki erməni diasporasının nümayəndələrinin sponsorluğu ilə baş tutub.
Binaların sökülməsinə siyasi don geyindirmək hər hansı məntiqə sığmır. Əvvəla onu bildirək ki, Xankəndinin baş planı hələ sovet dövründə Ulu Öndərin rəhbərliyi ilə təsdiqlənib və Azərbaycan SSR tərəfindən şəhərdə geniş tikinti işləri aparılıb. İşğaldan sonra baş plana uyğun olmayan yöndəmsiz binalar tikilib. İkincisi isə, qanunsuz tikililər Azərbaycanın istənilən şəhərində sökülür. İşğal dövründə tikilən binalar qanunsuz tikililər sayılır.
Tək Azərbaycana yox, ümumiyyətlə müsəlmanlara qarşı həqarət hesab edilən hərəkətlər edib məscidlərdə donuz saxlayan, ibadət yerlərini tövləyə çevirən Ermənistan qanunsuz tikilərin sökülməsini müxtəlif cür yozmaqdansa, bu kimi qeyri-insanı davranışlarını yada salsa daha yaxşı olar.
İslam meqale.com