Məşhurların səhifələrinin oğurlanması ilə bağlı RƏSMİ AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. Müğənninin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib, bütün paylaşımları silinib.
Bundan əvvəl idmançı Pərviz Abdullayev ("Kobra" Pərviz), müğənni İradə İbrahimova və digər məşhurlarla bağlı eyni hallar yaşanıb. Hak edilən səhifələrdəki məlumatlar silinib, məzmuna uyğun olmayan paylaşımlar edilib.
meqale.com xəbər verir ki, qafqazinfo məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətinə sorğu ünvanlayıb. Qurumdan bildirildi ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:
"Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir".