Münhendə Avropanın "qarşılıqlı məğlubiyyət"i, Azərbaycanın qələbəsi
Hamının uduzduğu situasiyaya daha çox ölkənin cəlb olunması ilə müşayiət ediləcək qapalı dairənin yaranması ilə bağlı real risklər artır. Söhbət kimin daha çox mənfəət əldə edəcəyindən yox, kimin daha az uduzacağından gedir...
Almaniyanın Münhen şəhərində keçiriləcək ənənəvi Təhlükəsizlik Konfransına (Munich Security Conference, MSC) ötən ildə olduğu kimi, bu il də Rusiya və İran dəvət almayıblar.
Bu gündən başlayaraq iki gün, fevralın 18-dək davam edəcək MSC-yə 50 dövlət və hökumət başçısı, habelə 100-dən artıq nazir qatılacaqlar.
Konfransın sədri Kristof Hoysgenin dediyinə görə, Rusiyanın dövlət başçısının və baş nazirinin əvəzinə Münhenə "mühacirətdə olan rusiyalı siyasətçilər, habelə ictimai təşkilatların nümayəndələri" çağırılıblar.
Təşəbbüskarı Evard-Henrix fon Kleyst olan MSC-nin fəaliyyət praktikasının tərkib hissələrindən biri də Almaniya bundenstaqında təmsil olunmuş bütün partiyalardan siyasətçilərin dəvət edilməsi idi.
Lakin bu dəfə "Almaniya üçün alternativ" Partiyasaından və bu siyasi struktur təki ifrat sağçı təşkilatlardan kimsə MSC-də olmayacaq.
Bu il 60 yaşını qeyd edən Münhen Təhlükəsizlik Konfransı (MSC) dünyada xarici siyasət və müdafiə məsələləri üzrə ən populyar, nüfuzlu forumlardan biridir.
Bavariyanın paytaxtı Münhendə yerləşən dəbdəbəli "Bayerischer Hof" hotelində bu gün işinə başlayacaq konfransla bağlı "Munich Security Report" hesabatı təqdim olunub.
MSC təşkilatçılarının konfrans ərəfəsində ənənəvi olaraq açıqladıqları hesabatın builki versiyası "Lose-Lose?" ("Qarşılıqlı məğlubiyyət?") adlanır.
Adından da göründüyü kimi, hesabat yetərincə bədbin ruhdadır.
Sənədin preambulasında "dünya siyasətindəki mənfi təmayüllər"dən, "geosiyasi gərginliyin və iqtisadi qeyri-müəyyənliyin artmasından" bəhs olunur. Hesabat hazırlanarkən sosioloqların 11 ölkədə keçirdikləri genişmiqyaslı rəy sorğusunun nəticələrinə görə, "Böyük Yeddiliyə" (G7) daxil olan ölkələrin əhalisinin əksəriyyətinin fikrincə, 10 il sonra onların sosial təminat səviyyəsi daha aşağı, gəlirləri daha az olacaq. Ən bədbin əhval-ruhiyyə Yaponiya və Almaniyadadır. ABŞ və Britaniyada isə respondentlərin 20-33 faizi ölkəllərinin gələcəkdə daha varlı, daha güclü olacağını düşünürlər.
Halbuki Çində bu rəqəm 57 faiz, Hindistanda isə 63 faizdir.
"Artıq etiraf etməliyik ki, "soyuq savaş" bitəndən sonrakı dövrdə müşahidə olunan geosiyasi və iqtisadi nikbinlik dövrü bitiö", - hesabat müəllifləri yazıblar.
Onların qənaətinə görə, qlobal qeyri-stabillik fonunda dövlətlər və bütöv regionlar arasında əməkdaşlıq səviyyəsi aşağı düşür, rəqabət və qarşıdurmaların səviyyəsi isə artır: "Bütün bunlar iqtisadiyyat, iqlim siyasəti, texniki inkişaf sahələrində birgə fəaliyyətə mane olur. Hamının uduzduğu situasiyaya daha çox ölkənin cəlb olunması ilə müşayiət ediləcək qapalı dairənin yaranması ilə bağlı real risklər artır. Söhbət kimin daha çox mənfəət əldə edəcəyindən yox, kimin daha az uduzacağından gedir".
Konfrans təşkilatçıları da məhz bu barədə, daha dəqiq olsaq, yaşanan prosesləri səngitmək və ya "qlobal dünya düzəninin fraqmentasiya dövründə olduğu zamanda müsbət nəticələr" əldə etməyin yollarını aramağın müzakirəsini təklif edirlər.
Forumda 150 yüksək vəzifəli qonağın - dövlət və hökumət başçılarının, müdafiə və xarici işlər nazirlərini, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı gözlənilir. Onların arasında Almaniyanın kansleri Olaf Şolts, ABŞ-ın vitse-prezidenti Kamala Harris, Fransa prezidenti Emmanuel Makron, BMT-nin baş katibi Antoniu Qutyerriş, Ukrayna prezidenti Volodimir Zelenski və s. var.
"Nə baş verir?" sualını cavablamaq asan deyil. Böyük dövlətlərin bir-birlərini qarşılıqlı şəkildə sınağa çəkmələri ötən əsrin sonlarınadək davaim edib. 1960-cı illərin əvvəllərinədək əsas qarşıdurma meydanı Avropa idisə, Karib böhranından sonra geosiyasi kolliziyalar bütün dünya miqyasında müşahidə olundu. Şərqi və Cənub-Şərqi Asiya, Afrika, Mərkəzi və Cənubi Amerikalarda savaşlar səngimirdi.
Avropadakı rəqabət mövqe mübarizəsinə çevrildi, çünki risklər həddən ziyadə idi. Transatlantik əməkdaşlıq ideallarından ruhlanan Münhen Konfransı da əslində çətinliklə əldə edilmiş balansın məhsulu idi: dünya miqyasında rəqib bloklar, Qərb daxilində isə Avropa İttifaqı və ABŞ arasında.
Bugünkü vəziyyətsə tam fərqlidir. "Soyuq savaş"ın, neokolonializmin, müstəmləkəçilik təzahürlərinin mövcud formaları struktur və mahiyyət baxımından əvvəlki dönəmlərdən tam fərqlənir. Paralellər aparsaq, indiki dövr ötənlərdəki rəqabətin ilkin, stabil olmayan, çılğın dönəmini xatırladır.
Balans ümumiyyətlə yoxdur, qarşıdurmalar ən geniş arealda, hətta kollektiv Qərbin daxilində yaşanır.
Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlardan dolayı "Moskva qarşısında indiyədək misli görünməmiş vəhdət" barəsində qürurla bəhs edən Qərb qismən haqlıdır. Doğrudur, NATO və Avropa İttifaqı daxidində kəskin rəqabətlər, düşərgələnmələr və paraçlanmalar artıq yoxdur, Avropa İttifaqının geosiyasi strategiyası ABŞ-ın yürütdüyü siyasətdən çox az fərqlənir: cəmiyyətdəki narazılıqlar və ya siyasi partiyaların mövqelərini siyasət-hakimiyyət elitaları ciddiyə almırlar.
ABŞ-da prezident seçkiləri ərəfəsindəki siyasi mübarizə mahiyyət etibarilə daxili qarşıdurma olsa da, Vaşinqtonun bütün prioritet sisteminin dəyişməsi, ilk qurban qismində xarici siyasət orientirlərinin yenilənməsi ilə başa çata bilər. Söz yox, Avropa İttifaqında da xarici siyasət vətəndaşların tam əksəriyyətinin maraqlarından sürətlə uzaqlaşan isteblişmentlərin taktikasıdır.
Fransanın xarici siyasəti timsalında gördüyümüz bəsit və primitiv kosmopolitizm Avropa İttifaqı ölkələrinin çoxuna xasdır.
Rəsmi Parisin Cənubi Qafqazda yürütdüyü siyasət, xüsusilə də Azərbaycana qarşı bütün cəbhə boyu hücum cəhdləri Fransa rəhbərliyinin ölkənin maraqlarının təminatına yox, Emmanuel Makron administrasiyasının merkantil istəklərinin təminatı cəhdlərinin toplusudur.
Azərbaycan belə basqılara və mənasız təzyiqlərə fikir vermədən xarici siyasətini əvvəlki vektorlarla davam etdirir, regionda sülhün və stabilliyin bərqərar olması üçün adekvat addımlar atır.
Parisdən fərqli olaraq, Bakının diplomatiyasında və geosiyasi strategiyasında isterik bəyanatlar, tələsik qərarlar, düşünülməmiş addımlar, yanlış seçimlər yoxdur.
Münhen Konfransının əsas mövzusu da əslində rəsmi Bakının kollektiv Qərbə ünvanladığı sualdır: Avropa özünə yaratdığı dərin böhranların və problemlərin öhdəsindən gələ biləcəkmi? ABŞ-a güvənən, amma ən kiçik imkan əldə edən kimi Birləşmiş Ştatların siyasi təsir mexanizmlərini zəiflədərək rəqabət aparmağa, hətta Cənubi Qafqazda möhkəmlənməyə çalışan Avropa İttifaqı hərbi-strateji potensialını genişləndirməyə çalışmaqla yeni, daha ağır yanlışlığa yol vermir ki?
Cavab bəllidir: Avropa İttifaqının Ermənistanla bağlı siyasətinə ötəri nəzər salmaq yetər. "Müşahidə-Monitorinq Missiyası" (EUMA) adlı dəstəni Ermənistanda yerləşdirən və ermənilərə bol vədlər verməklə İrəvanda mənzillənərək bütün regionu nəzarət altına almağa çalışan Avropa İttifaqı ilk addımda, ilk qərarında yanılıb.
Ermənistandan fərqli olaraq, Azərbaycanı idarə etmək mümkün deyil.
Birləşmiş Ştatlar daxilindəki seçkiqabağı qarşıdurmaların sərtləşməsi Avroatlantika müstəvisində geosiyasi müstəqilliyi iflic durumuna salıb.
Gerçək budur ki, Fransa və Almaniyanın liderlik uğrunda mübarizə apardığı Avropa İttifaqı müstəqilliyindən könüllü şəkildə imtina edərək Vaşinqtonun təlimatları ilə davranır: zahirən əsla belə olmadığını göstərməyə can atsa da.
Ermənistanla birbaşa və vasitəçilərsiz danışıqları ən uğurlu format hesab edən, sülh sazişi məsələsinin beynəlxalq gündəmdə olmadığını vurğulayan rəsmi Bakı az qala hər yerindən duranın "vasitəçi, moderator və təhlükəsizliyin təminatçısı" olmaq istəklərini istehza ilə seyr edir.
"Gedin, işinizlə məşğul olun!" Bu, rəsmi Bakının Avroatlantika məkanından Cənubi Qafqaza kontrol və nəzarət istəklərini ünvanlayanlara sərt, amma dəqiq və son cavabıdır.
Donald Trampın prezident seçkilərində qələbəsini və onun Ağ Evə qayıdışını vəhşət yuxusu, ən pis ssenari kimi qəbul edən Avropa heç olmasa, Cənubi Qafqazdakı kökündən yanlış siyasətində zəruri dəyişikliklər etməlidir.
Ermənistanın baş naziri Nikol Paşinyan da Münhen Konfransına yollanıb. Çox yəqin o, ötənilki konfransdakı debatı unutmayıb.
Münhen Konfransında bu məsələ müzakirə edilərsə, bəlkə çıxış yolu tapıla.
Amma çətin... Elçin Alıoğlu TREND